Bu gün Xalq artisti Oqtay Kazıminin doğum günüdür
Bu gün Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin doğum günüdür. Onun anadan olmasından 93 il ötür.
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) 27 dekabr 1932-ci ildə Astarada doğulub.
Orta məktəbi Astarada bitirən Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olub və Hacı Xanməmmədovun sinfində təhsil alıb.
Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələyib.
Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olub və Cövdət Hacıyevin sinfində təhsil alıb.
1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərib.
Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaradıb.
Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışan və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs deyib.
O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer alıb. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa ediblər.
Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uvertüraları, "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya" operettaları dillər əzbəri olub, müxtəlif səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənib.
O. Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 2006-cı ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.
Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir. Qeyd etmək lazımdır ki, görkəmli bəstəkarın əsərlərinin bir hissəsi hələ də geniş auditoriya kütləsinə təqdim edilməyib.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr edən Xalq artisti 2010-cu il avqustun 9-da, 78 yaşında dünyasını dəyişib.
Oxşar xəbərlər
Xalq artisti Əminə Dilbazinin doğum günüdür
Bu gün Xalq artisti, rəqqasə Əminə Dilbazinin doğum günüdür. Onun anadan olmasından 106 il ötür. Əminə Paşa qızı Dilbazi 26 dekabr 1919-ci il dekabrın 26-da Qaz...