Ucardan Berlinə qədər gedən azərbaycanlı döyüşçülərin tarixçəsi - FOTO

Ucardan Berlinə qədər gedən azərbaycanlı döyüşçülərin tarixçəsi - FOTO
Şou-biznes 697

Zaqafqaziya Hərbi Dairəsinin komandanlığının əmrinə əsasən, 1942-ci ilin 22 fevral tarixindən Azərbaycanın Ucar rayonunda 416-cı atıcı diviziyanın formalaşdırılmasına başlanılıb.

BAKU.WS xəbər verir ki, diviziyanın heyətinə 11 mindən çox azərbaycanlı, 291 rus, 110 gürcü, 99 ukraynalı və digər millətlərin hərbi qulluqçuları daxil olub.

Bölmə 5156 tüfəng, 1022 avtomat, 167 əl pulemyotu, 50 ağır pulemyot, 217 tank əleyhinə tüfəng, 308 ədəd top, 181 minaatan, 65 avtomobil ilə silahlanmışdı.

416-cı milli diviziyanın döyüş yolu Qafqazdan başlayıb. Diviziya 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilərək Şimali Qafqazda Xasavyurt rayonuna göndərilib. 1943-cü ilin yanvarının əvvəlinə qədərki dövrdə diviziyanın döyüşçüləri Qafqazdan Azov sahilinə qədərki məsafəni döyüşlərlə keçərək növbəti həmlələr həyata keçirib. Həmin dövrdə diviziyanın komandirlərindən biri polkovnik (daha sonra general-mayor) Tərlan Əliyarbəyov olub. 1942-ci ilin noyabrında Şimali Qafqazdan başlanan əks-hücumlar nəticəsində üç ay ərzində Şimali Qafqaz düşməndən azad edilib və Rostov istiqamətində döyüşlərə başlamaq üçün zəmin yaranıb.

416-cı diviziya 1943-cü ilin 17 avqustunda Taqanroq istiqamətində başlanmış hücumlarda iştirak edib və avqustun 30-da diviziya 28-ci ordunun tərkibində Taqanroq şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərib və bu qələbəyə görə "Taqanroq diviziyası" fəxri adına layiq görülüb.

Diviziya 1943-cü ilin oktyabrında düşməni Konstantinovka ətrafında darmadağın edib, tank hissələrinin köməyi ilə Melitopolu azad edib. Buna görə diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif olunub.

Melitopol uğrunda döyüşlərdə pulemyotçu Ağaşirin Cəfərov xüsusən fərqlənib. O, 1943-cü il ərzində 500-dən artıq faşist öldürüb. Rəyasət Heyətinin 1943-cü il 1 noyabr tarixli Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adı alıb.

1944-cü ilin 9 aprelində diviziya Odessa şəhəri yaxınlığına çatdı və onun düşməndən azad edilməsində fəal iştirakına görə II dərəcəli Suvorov ordeni ilə təltif edilib. 1944-cü ilin yayından başlayaraq 416-cı diviziya 3-cü Ukrayna cəbhəsi tərkibində məşhur Yassa-Kişinyov döyüş əməliyyatında və Moldaviyanın paytaxtı Kişinyov şəhərinin və bütün Moldaviyanın azad edilməsində fəal iştirak edib.

1945-ci ilin martında diviziyanın 1054-cü alayı "Qırmızı bayraq" ordeni, 1368-ci alayı - "Boqdan Xmelnitski" ordeni, 44-cü divizionu isə "Aleksandr Nevski" ordeni ilə təltif edilib. 416-cı diviziya I Belorusiya cəbhəsinə daxil olan 5-ci zərbə ordusu tərkibində Visla çayı istiqamətində hücumu davam etdirərək Varşavanın azad edilməsində iştirak edib və Oder çayının qərb sahilinə çıxaraq düşmənin Kyustrin şəhərini zəbt edib.

Berlinə ilk dəfə daxil olan hərbi hissələr içərisində 416-cı diviziya da olub. Berlin uğrunda döyüşlərdə kapitan X.Gülməmmədovun batalyonu xüsusilə fərqlənib. Kayzerin sarayı üzərində Qələbə bayrağını ilk dəfə mayın 1-də sancanlardan biri olan leytenant Vahab Osmanov düşmən gülləsindən həlak olub. Brandenburq qapıları üstünə mayın 2-də qələbə bayrağını taxanlardan biri isə leytenant A.Məcidov və onun döyüşçüləri olublar. Qafqazdan Berlinədək döyüş yolu keçmiş 416-cı Azərbaycan Milli diviziyası və onun alaylarına müharibə illərində general-mayorlar Tərlan Əliyarbəyov, Heybət Heybətov, Hacıbaba Zeynalov (diviziyanın qərargah rəisi) komandirlik edib.

Oxşar xəbərlər

Son xəbərlər