SİZİN REKLAM BURADA!
055 213 76 73



Təbiəti, abidələri və gözəlliyi ilə hər zaman diqqət çəkən ölkəmiz, son zamanlar xarici ölkə vətəndaşlarının özəl günlərinin qeyd etməsi üçün də seçilən məkanlardan birinə çevrilib.

Redaksiyaya daxil olan məlumata görə, paytaxtımızın məşhur hotellərindən biri olan “Fairmont Baku” hindistanlı cütlüyün toy mərasimi üçün 10 gün müddətinə bron edilib.

BAKU.WS xəbər verir ki, “insider.az” bu məsələ ilə bağlı “Fairmont Baku, Flame Towers”in PR və Marketinq meneceri Zümrüd İsmayılova ilə əlaqə saxlayıb.

Hind toyunun hal-hazırda keçirildiyini təsdiq edən Zümrüd xanım, tədbir haqqında qısa məlumat verib.

“Bəli, “Fairmont Baku”da Hindistandan olan Maithili Sagar və Rohit Qubta adlı cütlüyün toy mərasimi rəsmi olaraq 4-5-6 sentyabr tarixlərinə təyin edilib. Amma hər bir xalqın fərqli adət və ənənələri var, təbii ki, hind xalqı da istisna deyil. Qeyd etdiyim kimi, toy mərasimi üçün rəsmi olaraq 3 gün seçilib, amma toya qədər və toydan sonra keçirilən kiçik mərasimlər də mövcuddur. Bu səbəbdən də toy 3 gündən artıq müddətə çəkir. Bu tədbirlər sırasına xına mərasimi, kişilər üçün türban bağlamaq və qadınlar üçün qolbaq taxmaq və s. kimi mərasimlər daxildir”, - deyə Z.İsmayılova bildirib.

Toy mərasimi üçün niyə məhz Azərbaycanın paytaxtının və “Fairmont Baku”-nun seçilməsi ilə əlaqədar sualımıza cavab olaraq Z.İsmayılova:

“İlk növbədə, Azərbaycanı Hindistanda kifayət qədər tanımasalar da, son zamanlar burda xarici toyların keçirilməsi onların da diqqətini çəkib.Bu toy mərasiminin niyə məhz “Fairmont Baku”da keçirilməsi səbəbinə gəldikdə isə, ikonik Alov Qüllələri və bu sahədə təcrübəmiz, eləcə də daha əvvəl keçirilən toylarda yaratdığımız xoş təəssüratların geniş əks-sədadır” – deyib.

Qeyd edək ki, əslən Hindistandan olan cütlüyün Dubayda biznes ilə məşğul olan ailəsi Kanadada yaşayır.

Hər bir toyun və şənliyin bəzəyi, səbəbkarlarla yanaşı təbii ki, həm də qonaqlardır. Qonaqlarla, eləcə də onların sırasında azərbaycanlı iş adamlarının olub-olmaması ilə maraqlandıq.

Z.İsmayılovanın verdiyi məlumata görə, toy mərasimində 400 nəfər qonaq iştirak edir. Bu qonaqların hamısı “Fairmont Baku”da yerləşdirilib, xərclər toyu olan cütlüyün ailələri tərəfindən ödənilib. Onlar arasında azərbaycanlı iş adamı yoxdur.

Toyda qonaqları əyləndirmək üçün Hindistandan 100-ə yaxın musiqiçi, rəqqasə, müğənni və qonaqlara xidmət göstərəcək insan gəlib.

3 günlük toyun proqramından söz açan Zümrüd xanım son günün, yəni bu günün Azərbaycan vurğusu ilə keçiriləcəyini deyib. Tədbirdə Azərbaycan musiqisi səslənəcək və rəqsləri nümayiş etdiriləcək.

BAKU.WS