SİZİN REKLAM BURADA!
055 213 76 73



"Son günlər kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyilə bağlı cəfəng xəbərlər gedir. Yayılan xəbərlərin heç biri həqiqətə uyğun deyil”.

 

Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirib.

Qurum rəsmisinin sözlərinə görə, hazırda cənab nazir məzuniyyətdədir və işə ayın 23-də çıxacaq.

"Nazirin işdən çıxması ilə bağlı yayılan bütün sözlər şayiədir. Mən yazılan bu cəfəngiyyatlara heç bir münasibət bildirmək istəmirəm. 12 ildir Nəqliyyat Nazirliyində çalışıram və həmişə belə şeylər yazırlar. Yaxşı olardı ki, hərə bildiyi şeyi yazsın”, - deyə Namiq Həsənov bildirdi.

Qeyd edək ki, son günlər nəqliyyat naziri Ziya Məmmədovun işdən çıxarılacağı və yaxud, onun öz ərizəsilə işdən azad olunmaq istədiyilə bağlı xəbərlər yayılıb. Bundan başqa, yazılanlara görə, Ziya Məmmədov məzuniyyətdən işə qayıtmayacaq.


Xatırladaq ki, son 20 gün ərzində nəqliyyat nazirinin adı ətrafında maraqlı hadisələr cərəyan edir. Təkcə son iki həftə ərzində Ziya Məmmədov saysız səlahiyyətlərini itirib: taksilərə lisenziya verilməsi ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları" QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib.


Bundan başqa, məlum olub ki, "Bakı Sərnişindaşınma" MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi formalaşdırılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.

Ziya Səccad
BAKU.WS