VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

BAKU.WS xəbər verir ki, “lent.az” vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihədə bu dəfə Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin sabiq birinci müavini və nazir əvəzi Qüdrət Quliyevdən bəhs edəcəyik.

Qüdrət Ramazan oğlu Quliyev 1955-ci ildə doğulub. O, Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Sabiq nazir 1981-1990-cı illərdə Bakı şəhər Nəsimi rayon partiya komitəsində ideologiya şöbəsinin müdiri işləyib. Daha sonra isə Naxçıvan Vilayət partiya komitəsinin katibi vəzifəsində çalışıb.

O, 1995-ci ilin avqust ayının 4-də Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini təyin olunub. Həmin dövrdə nazir təyinatı olmadığı üçün o, həmçinin nazir əvəzi olaraq da işləyib.

İki il sonra isə həmin nazirlik ləğv edilərək Azərbaycan Respublikasının Ticarət Nazirliyi yaradılıb.

Qüdrət Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan MSSR-in 343 nömrəli Culfa seçki dairəsindən deputat seçilib.

O, 5 fevral 1991-ci ildə Azərbaycan SSR Ali Soveti birinci sessiyasının Redaksiya komissiyasının tərkibinə və 3 iyun 1992-ci il tarixində isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib. Qüdrət Quliyev həm də Milli Məclisin Xarici İşlər Komissiyasının üzvü olub.

Keçmiş nazir zaman-zaman oğlundan imtina etməsi ilə də gündəmə gəlib. O, Amerikada yaşayan oğlu Murad Quliyevdən (Mone Quliyev) “Azadlıq” qəzetinə verdiyi müsahibəyə görə imtina etmiş və onun siyasi fəaliyyətinə görə məsuliyyət daşımadığını bildirmişdi.

O, hətta oğluna qarşı bəyanat da yayıb:

“Təcrübəsiz bir gəncin atasının adı və fəaliyyəti ilə spekulyasiya etməsi acınacaqlı haldır və mən oğlumun hərəkətlərini ictimai formada pisləmək və qınamaq zorunda qalmışam. Onun mənim keçmiş həyatım, ictimai fəaliyyətim ilə bağlı KİV-də çıxışlarını səhv, yanlış və yersiz hərəkət sayıram.
Muradın, “keçmiş nazirin oğlunun” təcrübəsizliyindən istifadə edib siyasi dividentlər qazanmaq istəyənlərə, məni siyasi oyunlara qatmağa çalışanlara etirazımı bildirir və bu oyunların fərqində olduğumu bəyan edirəm! Mən həyatım boyu demokratik fikirli bir vətəndaş olmuşam və fikir azadlığını cəmiyyətin ali norması saymışam. Mən 25 ildir ki, dövlət qulluğundan öz siyasi fikirlərimə görə və öz iradəmlə getmişəm. Amma dünyanı az-çox gördüyüm və bildiyim üçün, cərəyan edən proseslərdən hali olduğum üçün açıq siyasi fəaliyyətə qoşulmaqdan vaz keçmişəm. Muradın sadəlövhlüyündən, özünü özünün də dərk etmədiyi oyunlara soxduğundan pərişanam və onun bilərəkdən və ya qanmadan hörmətsizlik etdiyi şəxslərdən, tanışlarımdan və dostlarımdan üzr istəyirəm”.

Onu da qeyd edək ki, Murad Quliyev reper kimi də tanınıb. O, Xalq artisti Aygün Kazımova ilə duet oxuyub.

Sabiq nazir 2020-ci ildə onlayn səsvermə ilə Haqq Ədalət Partiyasının İdarə Heyətinin üzvü və partiya sədrinin müavini seçilib. Hazırda da sədr kimi çalışır.

BAKU.WS