VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir futbolçuların və azarkeşlərin həyəcanla gözlədiyi Avropa Çempionatı bu gündən start götürür.

Paytaxt Bakı mötəbər tədbirin keçirildiyi 11 şəhər siyahısına daxil olduğundan sabah ölkəmizdə də çempionatın ilk qarşılaşması olacaq. Uels və İsveç komandaları üz-üzə gələcək.

Bakıda keçirilən 4 oyunda Türkiyə, Uels və İsveçrə futbolçuları öz məharətlərini göstərəcəklər.

BAKU.WS komandası olaraq yerli məşhurların Avropa Çempionatı ilə bağlı fikilərini öyrəndik. Onlar arasında sorğu keçirərək hansı ölkənin komandalarını dəstəklədiklərini xəbər aldıq.

Bu haqda BAKU.WS-ə açıqlama verən Xalq artisti Mir Yusif Türkiyə komandasını dəstəklədiyini bildirib: “Əlbəttə, qonşu və qardaş Türkiyəni dəstəkləyirəm. Onların komandasından daha çox Hakan Çalhanoğlunu bəyənirəm”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan Avroviziya təmsilçilərimizdən olan Eldar Qasımov isə Bakıda keçiriləcək “Avro-2020” ilə bağlı bunları deyib:

“Pandemiya dövrü olsa da insanlar belə yarışların təşkil edilməsini çoxdan gözləyirdi. Onlarda bu yarışlarla bağlı artıq müəyyən coşğu var.

Bu mötəbər tədbirlər daim paytaxt Bakını diqqət mərkəzində saxlayır. Komandalara gəlincə isə, təbii ki, Azərbaycanda keçiriləcək yarışda çox istəyərdim ki, qardaş Türkiyə qalib gəlsin”.

Müğənni Sevda Yahyaya da BAKU.WS-ə açıqlaması zamanı sadəcə Türkiyəni dəstəklədiyini bildirib: “Türkiyəni dəstəkləyirəm. Favorit komandam Türkiyə millisidir”.

Çempionatla bağlı BAKU.WS-ə danışan müğənni Günay İbrahimli də qardaş ölkə Türkiyəyə dəstəyini ifadə edib:

“Təbii ki, qardaş Türkiyəni dəstəkləyirəm. Qalib gələcəyinə də inanıram. Mübarizənin hansı sahədə olmasından asılı olmayaraq biz qardaşlarımızı dəstəkləyirik”.

BAKU.WS-ə müsahibə verən aparıcı Tarix Əliyev (Tolik) isə matçlara gedə bilməsə də Türkiyəni dəstəklədiyini vurğulayıb: “Avro-2020 oyunlarında biz hər birimiz Türkiyə milli komandasını dəstəkləməliyik.

Təbii ki, ölkəmizdə Uels və İsveçrə komandalarına da azarkeşlik edənlər var. Amma düşünürəm ki, biz Türkiyə ilə qardaşıq və birləşib türk komandasına dəstək olmalıyıq. Türkiyə futbolçularına da uğurlar arzu edirəm. İnanıram ki, onlar qalib gələcək”.

Müğənni Elton Hüseynəliyev də BAKU.WS-ə açıqlaması zamanı Türkiyəyə dəstək olduğunu deyib: “Yarışları izləyəcəm. Təbii ki, favorit komandam Türkiyədir. O yığmanın futbolçularını dəstəkləyirəm”.

Bu haqda BAKU.WS-ə müsahibə verən müğənni Dilarə Kazımova isə ümumiyyətlə futbol komandalarına azarkeşlik etmədiyini deyib: “Sonuncu dəfə 10-15 il əvvəl mən futbolla maraqlanırdım. Onda favorit komandalarım var idi. Lakin indi yoxdu. Amma hər halda çempionat zamanı yarışan hər bir komandaya uğurlar arzu edirəm”.

Mövzu ilə bağlı müğənni Murad Ariflə də əlaqə saxladıq. O, müəyyən səbəblərdən bu haqda danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatının açılış mərasimi və ilk matçı bu gün keçiriləcək. İtaliyanın paytaxtı Romada baş tutacaq qarşılaşma zamanı İtaliya və Türkiyə komandaları üz-üzə gələcək.

Zöhrə Pənahi
BAKU.WS