SİZİN REKLAM BURADA!
055 213 76 73


“Gəncəm mənim... Mənfur erməni vəhşiliyinin qurbanı olan qədim yurd yerim... Mən sənin bu gün qan ağlayan analarını, dərddən ikiqat bükülən atalarını, valideyn itkisi yaşayan körpələrini, dağılmış, viran qalmış evlərini heç görmək istəməzdim. Amma nə edəsən ki, artıq günlərdir, Gəncədə gördüyüm mənzərə budur”.

BAKU.WS xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında paylaşıb. O, ermənilərin Gəncədə törətdiyi terror aktından ağır zərbə alan uşaqlarla fotosunu yayaraq bu sözləri qeyd edib:

“Erməni terroru dinc gəncəliləri qanına qəltan etdi. Bir yerdə qərar tutmaq, sakit oturmaq mümkün deyil. Hər gün hadisə yerində olur, təmizlik işlərinə baxır, ekspert qrupunun tədqiqatlarına şahidlik edir, xəstəxanada yatanlara baş çəkirik. Bu gün daha bir evdə oldum.

Gəncə terrorunda ata və anasını itirmiş Sevil və Hüseyn... Onlar bundan sonra bir ömür boyu birgə addımlayacaqlar. Bir-birinə arxa, dayaq olacaqlar. Çünki valideynləri belə istəyirdi. Onlar daha bundan sonra nə ata səsi eşidəcəklər, nə ana nəvazişi görəcəklər.

Bu körpələrin dərd yağan gözlərinə baxmaq mümkün deyil. Düzdür, onlar ölkə rəhbərliyi tərəfindən hər cür qayğı ilə əhatələniblər.

Onların dağıdılan evləri də tikiləcək, məhv olmuş avadanlıqları da alınacaq. Amma dünyasını dəyişmiş əzizləri heç vaxt qayıtmayacaq. Və onlar bütün ömrü boyu erməni vəhşiliyini nəvə-nəticələrinə danışacaq, verdikləri qurbanları yad edəcəklər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

BAKU.WS