SİZİN REKLAM BURADA!
055 213 76 73


Bəşəriyyət tarixində ən böyük qəzalardan hesab edilən Çernobıl faciəsindən 38 il ötür.
 
1986-cı ilin bu günü yəni, aprelin 26-da Ukraynanın Kiyev vilayətində yerləşən Çernobıl atom-elektrik stansiyasının dördüncü enerji blokunda yanğın baş verib. Alov genişlənərək üç bloku bürüyüb.
 
Hadisədən sonra həyat üçün təhlükəli olan radioaktiv duman yaranıb. Nəticədə 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənib.
 
Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etsə belə, "ölüm buludu"nun yerdə qalan hissəsini külək cənuba sürükləyib.
 
Qəza nəticəsində Ukraynada 4 400 nəfər həyatını itirib. Onlardan çoxu partlayışın nəticələrini aradan qaldırmaq üçün əraziyə gələn fəhlələr olub. Yaralıların ümumi sayı mübahisəli bir məsələ olaraq qalır. 
 
Ümumilikdə, faciə zamanı 7 000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.
 
Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90%-də əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolaşmaqdadır.
1986-cı il Çernobıl AES qəzası SSRİ-nin nüvə sahəsindəki nüfuzuna ciddi zərbə vurdu. Dünyada ilk dəfə AES inşa edən SSRİ nüvə enerjisi sahəsində lider dövlət olma iddiasını itirdi. Çernobıl qəzası sovet nüvə enerji sənayesində təhlükəsizliklə bağlı narahatlığa səbəb oldu. 
 
Bütün bunlarla yanaşı, qəzanın səbəb olduğu maddi zərər, dağıntı, psixoloji sarsıntı SSRİ-yə olan inamı zədələdi və bir sıra mütəxəssislərə görə Çernobıl AES qəzası Əfqanıstan müdaxiləsi kimi SSRİ-nin dağılmasına səbəb olan amillərdən biri idi.
 
Xatırladaq ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün 1986-ci ildə Çernobıla yeddi min azərbaycanlı göndərilmişdi. Onlardan 2 000 nəfəri Çernobılda aldıqları şüalanmadan vəfat edib.
 
1993-cü ildə Azərbaycanda "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Qanun qəbul olunub. Bu qanun Çernobıl hadisələrində iştirak etmiş vətəndaşların sosial müdafiəsini, müalicəsini və digər hüquqları tanıyır. 
BAKU.WS