SİZİN REKLAM BURADA!
055 213 76 73


"Əgər son iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan etdiklərinə nəzər salsaq, görərik ki, onlar bizi həmişə təhrik ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi danışıqları tamamilə pozmaq idi".

Bunu prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. Prezident qeyd edib ki, onlar Azərbaycana qarşı bir neçə hərbi təxribat törədiblər.

"İyulun 12-də onlar münaqişə regionundan çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində, Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı.

Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaq altındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza qarşı terror aktları törətmək üçün göndərildiyini bildirən ifadələr verir. Bunu biz etməmişdik, bunu onlar etdilər.

Sonra sentyabrın 27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə, biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyir və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu, onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların sonu deməkdir".

Aparıcının "Ermənistan nəyə görə risk edib təxribata əl atıb?" sualına cavabında dövlət başçısı bildirib ki, birincisi, onlar danışıqlar prosesini tamamilə məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi günahladırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün deyil” söyləmək istəyirdilər. "Hesab edirəm ki, səbəblərdən biri də onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə cinayət araşdırması aparılır.

Faktiki olaraq, Ermənistanda diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir. Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazım idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz şəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onların fikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhv etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi".

İ.Əliyev bildirib ki, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. "Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər, demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidirlər və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq.

Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin, düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar".

BAKU.WS
VİDEO