Son günlər bəzi KİV və sosial şəbəkələrdə cəbhədə yenidən döyüşlərin aktiv fazaya keçəcəyi haqda məlumatlar yayılıb. Erməni silahlı qüvvələrinin may ayının ilk ongünlüyündə mövqelərimizə qarşı hücum təşkil edəcəyi, düşmən cəbhəsində hazırda təxribatlara hazırlıq işlərinin aparılması haqda yayılan iddialar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Ermənistanda I Qarabağ müharibəsi veteranlarının və könüllülərin cəbhə xəttinə yerləşdirilməsi təxribat ehtimallarını təsdiqləyir. Ehtimal edilir ki, düşmən 4 günlük aprel döyüşlərindəki acı məğlubiyyətin və itirilən strateji yüksəkliklərin qisasını almağa çalışacaq.

Hərbi ekspert Rəşad Süleymanov bununla bağlı azvision.az-a deyib ki, aprel ayının 5-də atəşkəs razılığı əldə olunsa da, düşmənin cəbhədə təxribatı səngimir. 

Ekspert qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyinin və qarşı tərəfin məlumatlarının təhlili göstərir ki, atəşkəsdən sonrakı günlərdə ermənilərin bir neçə dəfə təxribat cəhdləri olub və nəticədə düşmən tərəfi itki verib.

"Ümumiyyətlə, ermənilər 1992-ci ildən indiyədək Azərbaycan Ordusu hər dəfə cəbhədə uğur qazananda atəşkəsə gedir, bundan istifadə edib qüvvələrini bərpa edir və yenidən təxribata əl atır. Ermənilərin bu dəfə də sakit dayanacağına əmin deyiləm. Ona görə də ön cəbhədə və arxa cəbhədə daha ayıq-sayıq olmalıyıq. Düşünürəm ki, cəbhədə hərbçilərimiz bunu nəzərə alırlar. O ki qaldı qisas hücumuna - bu mümkün ehtimaldır. Hələ ki 4 günlük müharibədəki meyitlərini yerbəyer etməklə, o cümlədən əlavə qüvvələri əraziyə cəmləyib onları hazırlamaqla məşğul olan ermənilərin yaxın zamanlarda birinci Qarabağ müharibəsində iştirak eləmiş səhra komandirlərinin rəhbərliyi altında belə təxribatlara getməsi gözlənilir. 

Nəzərə alsaq ki, Ermənistanda ipə-sapa yatmayan, hətta siyasi baxışlarına görə Sərkisyan hakimiyyəti ilə də yola getməyən keçmiş komandirlər belə Qarabağa gəliblər, bu ehtimal göz önünə alınmalıdır. Bu təxribatlara ancaq 4 günlük müharibənin nəticəsindən dərs çıxarmayan, Qarabağa 1992-1993-cü illərin havasıyla gələn erməni komandirləri gedəcəklər". 

Hərbi ekspert vurğulayıb ki, ermənilərin təxribatları elə həmin qüvvələrin tam şəkildə məhvi, bundan sonra döyüş əməliyyatlarını davam etdirib, qalan ərazilərimizi işğaldan azad etməyimiz üçün isə fürsət yaradacaq:

"Düşmənin bu qüvvələrinin cəmləşmə rayonları, hərəkətləri, şübhəsiz ki, izlənilir və ordumuzun həyata keçirəcəyi preventiv tədbirlərin daha sərt və məhvedici olacağına şübhə etmirəm. Buna həm şəxsi heyət, həm ictimaiyyət hazırdır. Həm də bunların sayəsində ordumuz böyük məhvetmə qabiliyyətinə mallik digər yeni silahları sınaqdan keçirmək imkanı qazanacaq".
 
BAKU.WS