Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır

Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb, araşdırma aparılır
Foto
Hadisə 47

Bakının Qaradağ rayonunda yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan karvansaraya qanunsuz müdaxilə edilib.

Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Araşdırma zamanı müəyyən edilib ki, abidənin üzərindəki tarixi yazıların və tamğaların səthini qum-sement məhlulu ilə örtərək abidəyə ziyan vurulub.

Dövlət Xidməti tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində müdaxilənin izləri aradan qaldırılıb, tarixi elementlərin üzərini örtən material təmizlənərək abidənin ilkin vəziyyətinin bərpası təmin edilib.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür.

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin korlanması və ya məhv edilməsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa edilən abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə qədər isə iaşə obyekti kimi istifadə olunub.

Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının vacibliyini bir daha xatırladır və vətəndaşları, eləcə də müxtəlif fəaliyyət sahələrinin nümayəndələrini mədəni irs nümunələrinə həssas yanaşmağa, onların qorunması işində məsuliyyətli mövqe nümayiş etdirməyə çağırır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər