Polisdən bu qadınla bağlı Bakı sakinlərinə müraciət – FOTO

Nərimanov rayonu ərazisində yerləşən iri ticarət mərkəzlərindəki paltar mağazalarından silsilə oğurluqlar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən 5 nəfər xanım zərərçəkən müxtəlif vaxtlarda həmin ticarət mərkəzlərindəki mağazaların paltar dəyişmə otaqlarında olan çantalarından ümumilikdə 3000 manat pulun və digər qiymətli şəxsi əşyalarının oğurlanması barədə məlumat veriblər.

Nərimanov Rayon Polis İdarəsi və 17-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Ağcəbədi rayon sakini Günel Quliyeva saxlanılıb.

Saxlanılan şəxsin yaşadığı evə baxiş keçirilən zamanı oradan çoxsaylı qadın çantaları və pul qabıları aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat və istintaq tədbirləri davam etdirilir.
Gördüyünüz bu şəxsin digər analoji cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
BAKU.WS

Oxşar xəbərlər
Bu şəxs sizi də aldadıbsa “102”yə zəng edin
Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək soyğunçuluq cinayətləri törədən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən m...