İlkin Süleymanovun vəkilləri etiraz etdi: Ekspertiza rəyləri saxtalaşdırılıb

İlkin Süleymanovun vəkilləri etiraz etdi: Ekspertiza rəyləri saxtalaşdırılıb
Hadisə 175

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

BAKU.WS-in Trend-ə istinadla məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib.

Prosesdə əsasən iş üzrə keçirilmiş ekspertiza rəyləri elan edilib.

Ekspert rəyində yazılıb ki, müstəntiqin təqdim etdiyi paltarlardan uşaq cins şalvarından, ayaqqabısından və s. təqsirləndirilən İlkin Süleymanovun gödəkçəsinin lifləri tapılıb. Həmçinin, İlkin Süleymanovun yun parçadan olan isti alt paltarından Nərminə aid gödəkçənin lifi tapılıb.

Təqsirləndirilən şəxsin vəkili ekspertiza rəylərinə etiraz edib və onun saxtalaşdırıldığını bildirib:

“Müstəntiq o cins şalvarı haradan tapıb ekspertizaya təqdim edib, bu məsələyə aydınlıq gətirilsin. Çünki nə meyitin şəkillərində var, nə üzərindən götürülən paltarların siyahısında var, nə də İlkin Süleymanovgilin evindən götürülən əşya və paltarların arasında. Olmayan o cins şalvar ekspertizaya necə gedib çıxıb? İkincisi, əgər İlkinin gödəkçəsinin lifi Nərminin paltarlarından çıxıbsa, deməli, həmin paltarların da lifi gödəkçənin üstündə olmalıydı, niyə yoxdur? Əgər bu paltarlar bir-birinə toxunubsa, deməli, hər ikisinin üzərində bir-birinin lifləri olmalıdı. Niyə yoxdur? İsti alt paltarının İlkin saxlanılandan sonra alındığını, polis şöbəsinə təhvil verildiyini məhkəmədə dindirilən şahid ifadələri də göstərdi. Ekspert oradan Nərminin gödəkçəsinin lifini necə tapıb? Özü də İlkinin paltarlarından ancaq gödəkçənin lifi tapılır. Belə görünür ki, qoyublar qabaqlarına İlkinin paltarlarını, bir gödəkçəsinə sürtüblər, onunla da iş bitib”.

Vəkil Əlibaba Rzayev meyitin üzərindən götürülən və ekspertizaya təqdim olunan geyimlərin məhkəməyə də gətirilməsini istəyib. Vəkil bildirib ki, məsələn, meyitin üstündəki qırmızı köynək başqadır, ekspertizaya təqdim olunan başqa:

“Şəkillərdən də fərq görünür. Biri tam bağlıdır, birinin isə ön hissəsi açıqdır”.

Cinayət işinin materialları elan ediləndə məlum olub ki, rəy vermiş ekspert gəlib müstəntiqlə birlikdə İlkin Süleymanovun dindirməsini aparıb:

“Ekspertin nə ixtiyarı var ki, gəlib müstəntiq kimi İlkini dindirir?”

Cinayət işinin materiallarına əsasən, İlkin Süleymanovgilin evindən içində neft məhsulu saxlanılan plastik qab götürülüb. İddia olunur ki, meyit həmin qabdakı neft məhsulu vasitəsilə yandırılıb: “İş materiallarında ərazidə neftin yayılma radiusu var. Baxın, görün ki, o qabdakı miqdarla o radiusda yayıla bilərdimi?”

İlkin Süleymanov həbs olunandan iki həftə sonra – onun barəsində həbs qətimkan tədbirilə bağlı apellyasiya şikayətinə baxılarkən hakimlərə üzərindəki xəsarətləri göstərib. Deyib ki, işgəncəyə görə bu işi üzərinə götürməli olub. Bu məsələ məhkəmənin qərarında da əksini tapıb.

Bundan sonra prokurorluqda bu işi aparan müstəntiq Nadir Mirzəyev İlkin Süleymanovun saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova sorğu göndərib.

Təcridxanada saxlanılan şəxslər ilk dəfə ora gətiriləndə həkim müayinəsindən keçirilir, üzərində xəsarət olub-olmadığı qeyd olunur. Müstəntiq də təcridxana rəisindən həmin sənədi istəyib ki, İlkin Süleymanov ora daxil olanda üzərində xəsarət vardı, yoxsa yox. Rəis Elnur İsmayılov isə ona cavab yazıb ki, Süleymanov təcridxanaya gəlməmişdən əvvəl keçirilmiş ekspertizanın rəyini ona göndərsinlər. Həmin rəyi görəndən sonra o da cavab yazacaq.

“İstintaq təcridxanasının rəisinin prokurorluğa göndərdiyi bu cavab biabırçılıqdır. Deməli, İlkin Süleymanovun üstündə xəsarətlər olub, gizlədiblər. Rəis fikirləşib ki, ekspertizanın rəyinə baxsın, orada necədirsə, bu da ona uyğun sənəd hazırlayıb göndərsin. Bu nə deməkdir?”, - vəkil Zabil Qəhrəmanov bildirib.

Meyitdən iki diş, qan nümunəsi götürülüb ki, genetik ekspertiza keçirilsin. Zabil Qəhrəmanov deyir ki, o nümunələrin aqibəti naməlum qalıb. Bilinmir ki, meyitdən götürülənləri kiminlə müqayisə edib, genetik ekspertiza keçirəcəkdilər. Bu məsələ cinayət işində açıq qalıb. Süleymanovların evindən götürülən 5 saç tükü ilə bağlı da rəy var. Onların Nərminə aid olmadığı aydınlaşıb.

Məhkəmə prosesi davam edir.

Xatırladaq ki, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib.

Son xəbərlər