Kəndlilər ATƏT nümayəndələrinə ermənilərdən şikayət etdilər
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov nəzarət ediblər.
Monitorinqdən sonra ATƏT-in nümayəndələri Qazax rayonunun cəbhə xəttinə yaxın yerləşən kəndlərin sakinləri ilə görüşüblər.
ATƏT-in nümayəndələrinə atəşkəsin mütamadi pozulmasından şikayətlənən sakinlər bildiriblər ki, ermənilər kəndləri, təsərrüfat sahələrini güllə atəşinə tutmaqla hər birimizin həyatına təhlükə yaradırlar.
Sakinlər beynəlxalq nümayəndəliyin fəaliyyətinin nəticəsizliyindən də şikayət ediblər. "Keçirilən monitorinqlər hər dəfə nəticəsiz qalır. Artıq xalqın səbr kasası daşmaq üzrədir. İyirmi ildən artıqdır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı, münaqişənin həllinə ikili standartlar nümayiş etdirilir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı və öz vətənində məcburi köçkünə çevrilən bir milyondan artıq insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir”, - deyə onlar vurğulayıblar.
Sonra ATƏT-in nümayəndələri Məzəm kəndinin sakini Sarif Rəhimovun evinə gələrək deyilənlərin həqiqət olduğunun şahidi olublar. Onlar evin divarlarında, hətta dəmir darvazasında erməniər tərəfindən atılan çoxlu güllə izlərini əyani olaraq görüblər.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Təmas xəttində monitorinq keçiriləcək
Təmas xəttində monitorinq keçiriləcək. BAKU.WS-in Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin...