Hərbi prokurorun müavini: "İstintaqın gedişində yeni faktlar ortaya çıxarsa, Xaçatryana əlavə ittihamlar irəli sürülə bilər"

Hərbi prokurorun müavini: İstintaqın gedişində yeni faktlar ortaya çıxarsa, Xaçatryana əlavə ittihamlar irəli sürülə bilər
Hadisə 53

"İstintaqın gedişində yeni faktlar ortaya çıxarsa, Meşəlidə soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana əlavə ittihamlar irəli sürülə bilər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Hərbi prokurorunun müavini Fuad Məmmədov İctimai Televiziyada "Diqqət mərkəzi" verilişində deyib.

Onun sözlərinə görə, aparılan araşdırma zamanı Vaqif Xaçatryanın erməni millətindən olan digər şəxslərlə qrup şəklində Meşəli kəndinə hücum etdikləri barədə məlumatlar var:

"Həm şahid, həm də zərərçəkən ifadələri, ekspert rəyləri bunu sübut edir. Orada müxtəlif ekspertizalar keçirilib. Araşdırma zamanı məlum olub ki, bu hücum əvvəlcədən planlaşdırılıb. Əvvəlcədən planlaşdırılması istintaq sübutları ilə öz təsdiqini tapır. Zirehli maşınlarla, transportyorlarla hücuma keçilməsi göstərir ki, bu, əvvəlcədən təşkil edilib.

Burada məqsəd insanları kütləvi şəkildə Meşəli kəndindən çıxarmaq, həmçinin onların fiziki məhvinə nail olmaq olub.

Ona görə də həmin cinayət işi 103, yəni soyqırımı, eyni zamanda 107, əhalini deportasiya və məcburi köçürmə maddələri ilə Hərbi Prokurorluğun İstintaq şöbəsində araşdırılır", - Hərbi prokurorun müavini qeyd edib.

F.Məmmədov bildirib ki, istintaqın gedişində Meşəli epizodu üzrə 9 nəfərin cinayət törətməsi sübut olunub. Digər şəxslərin aşkarlanaraq barələrində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmədən qərarlar alınıb.

Vurğulanıb ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bununla bağlı mütəmadi olaraq Baş prokuror və Hərbi prokurora məruzələr olunur.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı, 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Son xəbərlər