Ərini qətlə yetirən qadın: "Dedi ki, "kəlmeyi-şəhadətini oxu, onsuz da səni öldürəcəyəm"

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Aysu Çərkəzlinin cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsi məlum olub.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət əməlini anlaqsız vəziyyətdə törətməkdə təqsirləndirilən şəxs ifadəsində hadisə günü həyat yoldaşı Nurlan Çərkəzlinin içkili vəziyyətdə evə gəldiyini göstərib:
"O, mənə "səni öldürəcəyəm, get mətbəxdən bıçağı gətir" dedi. Nurlanın əlində silah var idi. Mətbəxdən gəldikdə Nurlanın həmin silaha güllə doldurduğunu gördüm. Nurlan mənə "kəlmeyi-şəhadətini oxu, onsuz səni öldürəcəyəm" söylədi. Sonra o, silahı yerə qoyub, məni döyməyə başladı, saçımdan tutub yataq otağına apardı. Əlləri ilə məni boğmağa çalışdı. Nurlanın əli boşalan zaman əlindən qaçmağı bacarsam da, o, məni arxadan tutaraq stolun dəstəyinə doğru itələdi. Bu zaman xəsarət aldım, pis vəziyyətə düşdüm. Daha sonra silahı və bıçağı əlinə alıb məni öldürəcəyini dedi və qarşısında diz çökməyimi söylədi. Nurlan silaha gülləni dolduranda mətbəxə keçib, iri bıçağı götürdüm. Sonra onun üzərinə gəldim. Nurlan barmaqlarımı qırmağa başlayanda dərhal yerdən bıçağı götürərək, ona xəsarətlər yetirdim. Vəziyyətim normal olmadığı üçün Nurlana hansı xəsarətləri yetirməyi xatırlamıram. Nurlan evə gəlməmişdən əvvəl uşaqları yatırtmışdım".
Qeyd: 2022-ci ilin iyul ayının 29-da Bərdə rayonu Şorəli kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü A.Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə N.Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, çoxsaylı bıçaq zərbələri ilə öldürülən şəxs "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə Rayon Elektrik Şəbəkəsində çalışırmış.
Belə ki, Ağdam rayonunun Sırxavənd kəndindən məcburi köçkün olan Nurlan və ailəsi iki il əvvəl Bərdənin Şorəlli kəndinə köçərək orada yaşamağa başlayıb. Onun həyat yoldaşı A.Çərkəzli ilə izdivacdan üç övladı dünyaya gəlib.
Qonşular ailənin çox sakit həyat sürdüyünü, indiyədək hər hansı münaqişələrini görmədiklərini deyiblər.
İlkin məlumata görə, əvvəl N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Çərkəzlinin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyəti və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Oxşar xəbərlər
Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi
İkinci Qarabağ müharibəsinin iştirakçısı Toğrul Nizaməddin oğlu Həsənov ölümcül xəstəlikdən vəfat edib. BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, 1989-cu il t...