İcra başçısının qardaşı oğlunun 30 min dollarlıq avtomobili əlindən alındı

İcra başçısının qardaşı oğlunun 30 min dollarlıq avtomobili əlindən alındı
Hadisə 2538

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiteror Mərkəzinin 1-ci İdarəsinin 3-cü Şöbəsinin sabiq rəis müavini Azər Mehdiyevin ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

"Report"un xəbərinə görə, ittiham aktına əsasən, A.Mehdiyev 1996-cı ildən MTN-də xidmət edib.

O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovdan hədə-qorxu ilə 250 min ABŞ dolları tələb etməsi və onun 120 min ABŞ dollarını ələ keçirməsi epizodu üzrə dindirilib. A.Mehdiyev ifadəsində bildirib ki, Mark adlı tanışı onlara müraciət edib, M.Mahmudovla aralarında olan torpaq mübahisəsinin həllində köməklik göstərməsini xahiş edib: "MTN-nin Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin tapşırığına əsasən 2015-ci ilin iyun ayında Maqsud Mahmudovu MTN-nə dəvət etdim və öz otağımda onunla söhbət apardım. Maqsud Mahmudov söz verdi ki, bu məsələni həll edəcək, lakin ondan pul almamışıq. Bu məsələdən baş idarə rəisi Elçin Quliyevin də məlumatı olub".

Onun sözlərinə görə, 2015-ci ilin sentyabr ayında Ramil Hümbətova 5 min manat verib: "Ramil məzuniyyətdə olduğu üçün həmin pulu ona verməyim üçün İlqar Əliyev mənə verib. İlqar Əliyev həmin pulu Elçin Quliyevin tapşırığı əsasında verdiyini bildirmişdi”.

Daha sonra A.Mehdiyev digər sahibkar, Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilmələri, ona məxsus 30 min ABŞ dolları məbləğində "İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu ilə əlindən alınması epizodu üzrə cinayət əməlini faktiki olaraq etiraf edib.

O, 2015-ci ilin sentyabr-oktyabr aylarında İlqar Əliyevin onu xidməti otağına dəvət etdiyini söyləyib: "İlqar Əliyevin xidməti otağına gedərək orada adının sonradan Mahirə Süleymanova olduğunu bildiyin bir qadının olduğunu gördüm. İlqar Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz alınaraq qaytarılmadığını dedi. O, buna görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq ona köməklik etməyimi tapşırdı. Daha sonra Mahirə Süleymanova ilə birlikdə otaqdan çıxdım. Ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi birgə yaşadığı Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi. Bildirdi ki, bunla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Bu mübahisəsinin həlli ilə bağlı Mahirə öz tanışının əvəzinə özünə məxsus olan "İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevin tanışının adına rəsmiləşdirib”.

A.Mehdiyevin sözlərinə görə, qeyd edilən məsələ ilə əlaqədar Binəqədi Rayon Məhkəməsində mülki mübahisə üzrə çəkişmənin getdiyi məlum olub: "Yalçın Abdullayevi MTN-nə dəvət etdim. O, da bu məsələlərlə əlaqədar ətraflı izahat verdi, Mahirə Süleymanovanın özünə məxsus "İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Yalçının qardaşı Zaur Abdullayevi isə hansı əməkdaşın qəbul etdiyini bilməmişəm".

O bildirib ki, hadisədən bir neçə gün sonra İlqar Əliyev onu yanına çağırıb və avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsi tərəfindən həbs qoyulduğunu deyib.

A.Mehdiyev proseslərin gedişatının MTN generalı Elçin Quliyevə mütəmadi olaraq məruzə edilməklə nəzarətində saxlanıldığını deyib.

O, Malik Mustafayevin intihar etməsi faktı ilə bağlı məlumatının olmadığını söyləyib.

Qeyd edək ki, E.Quliyev, A.Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

BAKU.WS

Oxşar xəbərlər

MTN generalı hər şeyi DANIŞDI: “Büdcədən götürdüyümüz 2 milyon manat Eldar Mahmudova çatıb”

MTN generalı hər şeyi DANIŞDI: “Büdcədən götürdüyümüz 2 milyon manat Eldar Mahmudova çatıb”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin istintaq zamanı verdiyi ifadəsi zamanı irəli sürülən it...

7318 Hadisə 18:19 27 aprel 2017

Son xəbərlər