Azərbaycanda xüsusi əməliyyat: Narkobaron helikopterin müşayiəti ilə tutuldu - FOTO/VİDEO
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat tədbiri keçirilib, narkobaron saxlanılıb.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumata görə, “Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən tədbirlərlə narkobaron saxlanılıb.
Rayonun Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Təxirəsalınmaz tədbirlərlə əməliyyat-istintaq qrupu K. Sultanovun yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama yaxın olan 587, həmçinin, dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi, onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq məqsədində olduğu məlum olub.
Qeyd edək ki, K.Sultanov rayon ərazisində narkobaron kimi tanınır və bir neçə dəfə törətdiyi əməllərə görə cinayət məsuliyyətindən yayınmağa cəhd edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Balakən Rayon Polis Şöbəsi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və Zaqatala Dövlət Təbiət qoruğunun əməkdaşları tərəfindən birgə keçirilən digər bir tədbir nəticəsində isə rayonun Gərəkli kəndi ərazisindəki meşə massivində kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.
Həmin əraziyə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilərək yetişdirilən, ümumi çəkisi 101 kiloqramdan artıq olan 71 ədəd çətənə kolu və qurutmaq üçün bir neçə yerə sərdikləri, ümumi çəkisi 47 kq 570 qr narkotik vasitə qurudulmamış marixuana aşkarlanıb.
Həmin narkotik vasitəni becərən şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
Cari ilin ilk altı ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2 893 fakt aşkar olunub. Onlardan 1 015-i narkotik vasitələr...