Azərbaycanda şirkətlə universitet arasında satınalma mübahisəsi - Tədris müəssisəsi məhkəməyə müraciət etdi
"Florya Tekstil" MMC Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AzMİU) şikayətçidir.
BAKU.WS xəbər verir ki, Oxu.Az-a müraciət edən "Florya Tekstil" MMC iddia edib ki, AzMİU tərəflər arasında bağlanmış satınalma müqaviləsinin icrasından imtina edib və təqdim edilən malların ödənişini etməyib.
Şikayətdə qeyd olunub ki universitet təhvil-təslim aktını imzalamır, malları geri qaytarmır və ödəniş etmir:
"Biz təhvil-təslim aktını hazırlayıb universitetə təqdim etmişik. Universitet nümayəndələri malların baxışını keçirib, lakin sonra imzalayacağıq deyərək imzalamayıblar, nə də ödəniş geri qaytarılmayıb. 10 035 manat məbləğ aylardır ödənilmir, yazılı əsaslandırma da verilmir. Universitet nümayəndəsi malların "uyğun olmaması" barədə yalnız şifahi və əsassız bəyanatlar səsləndirib. Heç bir uyğunsuzluq aktı, irad sənədi, ekspertiza rəyi, laboratoriya nəticəsi təqdim edilməyib. İzahat tələb etdikdə məsul şəxs ünsiyyətdən yayınıb, zənglərə cavab verməyib".
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən bildirilib ki, redaksiyaya göndərilmiş müraciətdə şirkət tərəfindən səsləndirilən fikirlər həqiqəti tam əks etdirmir və satınalma prosesinin real xronologiyasına, hüquqi sənədləşməyə və mövcud normativ aktlara uyğun gəlmir:
"Florya Tekstil" MMC kotirovka şərtlərini və rəsmi bağlanılmış müqavilənin şərtlərini yerinə yetirməyib. AzMİU tərəfindən keçirilmiş kotirovka sorğusunda şirkətin üzərinə düşən öhdəliklər açıq şəkildə təsbit edilib. Lakin faktiki icra zamanı şirkət malların təhvil verilməsini gecikdirib, müqavilədə qeyd olunan müddət öhdəliklərini pozub, kotirovka şərtlərində göstərilən keyfiyyət göstəricilərinə uyğun olmayan məhsullar təqdim edib.
Bu hallar universitet tərəfindən aktlaşdırılıb və şirkətə rəsmi qaydada bildirilmək üçün dövlət satınalma portalı üzərindən elektron qaydada keyfiyyət uyğunsuzluğu barədə xəbərdarlıq göndərilib. Keyfiyyət uyğunsuzluğu şirkətə rəsmi bildirilib, lakin cavab verilməyib.
Şirkətin iddiasının əksinə olaraq uyğunsuzluq barədə məlumat Portal vasitəsilə rəsmi qaydada göndərilib. Universitet kotirovka tələblərinə uyğun olaraq uyğun keyfiyyətli malların yenidən təqdim olunmasını tələb edib. Lakin şirkət bu tələbləri yerinə yetirməmiş, təqdim etdiyi malların qüsurlarını aradan qaldırmayıb. Qanunvericiliyə əsasən satınalan təşkilat keyfiyyət uyğunluğu təmin olunmayana qədər təhvil-təslim aktını imzalamaq məcburiyyətində deyil.
Universitet məsələni Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim etdib. Mübahisənin davam etməsi fonunda AzMİU məsələ ilə bağlı Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi müraciət edib.
Qurum tərəfindən verilən cavabda bildirilib ki, tərəflər arasında yaranmış mübahisə məhkəmə predmeti hesab edilir və məsələnin müstəqil, hüquqi qiymət alması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunur. AzMİU rəsmi qaydada məhkəməyə müraciət edib. Mübahisənin məhkəmə qaydasında həlli ilə bağlı rəsmi müraciət üçün bütün sənədləri toplanıb və şikayət ərizəsi hazırlanıb. Hazırlanmış sənədlər və şikayət ərizəsi noyabrın 24-də məhkəməyə təqdim olunacaq.
Bu, universitetin iddia edilən "ödənişdən yayınma", "məsələni uzatma" kimi fikirlərinin əsassız olduğunu bir daha sübut edir. Əgər "Florya Tekstil" MMC iddia etdiyi kimi hüquqlarının pozulduğunu düşünürdüsə, ilk növbədə məhz özü məhkəməyə müraciət etməli idi. Lakin bunu universitet edir ki, bu da hüquqi məsuliyyətdən yayınmamaq niyyətimizin göstəricisidir", - açıqlamada deyilir.
AzMİU-dan verilən cavabda vurğulanıb ki, universitet bütün satınalmaları yalnız rəsmi qaydada və qanunvericiliyə uyğun şəkildə həyata keçirir:
"Universitet olaraq bütün satınalma proseslərimiz Dövlət satınalmalarının vahid elektron portalı - "etender.gov.az / e-tender portalı" üzərindən, rəsmi müqavilə və təhvil-təslim aktları əsasında, kotirovka və tender tələblərinə tam uyğun şəkildə əks olunaraq həyata keçirilir.
Bu çərçivədən kənara çıxmaq fiziki olaraq mümkün deyil".
Həmçinin o da bildirilib ki, mallar keyfiyyət uyğunsuzluğu səbəbindən qəbul edilməmiş sayılır, şirkətin malları universitetin ərazisinə gətirməsi onların qəbul edilməsi demək deyil:
"Qəbul faktı yalnız təhvil-təslim aktının imzası, keyfiyyət uyğunluğunun təsdiqi, müqavilə şərtlərinə uyğunluq ilə təsbit olunur. Keyfiyyət standartlarına uyğun olmayan məhsullara görə akt imzalanmamış, ödəniş aparılmamış, mallar qəbul edilmiş hesab olunmamışdır.
Bu, satınalma qanunvericiliyinin tələbləridir.
"Florya Tekstil" MMC-nin şikayət müraciətində yer alan "AzMİU malları qəbul edib", "aktı imzalamayıb", "ödənişdən yayınır" kimi iddialar hüquqi əsası olmayan və faktlara uyğun gəlməyən bəyanatlardır.
AzMİU olaraq bildiririk ki, kotirovka şərtlərinin pozulması, təqdim olunmuş məhsulların keyfiyyət uyğunsuzluğu, tələblərə əməl olunmaması səbəbilə məsələnin hüquqi müstəvidə araşdırılması üçün məhkəmə prosesini başlatmışıq və mübahisənin məhz qanun çərçivəsində həll olunması üçün bütün addımları atmışıq.
Universitet olaraq dövlət vəsaitlərinin xərclənməsində şəffaflıq, məsuliyyət və qanunçuluq prinsiplərinə sadiqliyimizi bir daha bildirir və mövzuya hüquqi qiymətin yalnız məhkəmə tərəfindən veriləcəyini vurğulayırıq".
Oxşar xəbərlər
Kürdəmirdə uşaq bağçasında yanğın olub
Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlartında rayonun 4 saylı uşaq bağçası - körpələr ev...