Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaraməmmədli kəndindəki kafelərin birində ad günü qonaqlığı keçirilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan 9 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

BAKU.WS