Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Abbasov 16 il azadlıqdan məhrum edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması), 274-cü (Dövlətə xəyanət) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilib.

F.Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin qərarı ilə deportasiya edilib.

28 fevral 2019-cu ildə o Bakı şəhəri Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Azərbaycan vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlunun Ermənistan Respublikasına səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistan Respublikasında keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə çağırışlar edib.

Fəxrəddin Abbasov Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Əlikram Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu.

Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir, xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edib.

BAKU.WS