Heydər Əliyev Beynəlxalq Aeroportu 2020-ci ilin yanvar ayı üçün ən punktual aviaşirkətlərin reytinqini tərtib etmişdir.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, 2020-ci ilin yanvar ayı ərzində Bakıdan yola düşərkən “China Southern” (Çin) və “Ural Hava Yolları” (Rusiya) 100% punktuallıq göstərmişdirlər.

“Aeroflot”, “Etihad Airways” və “Turkish Airlines” aviaşirkətləri planlaşdırılmış uçuşların ən azı 90%-ni cədvələ uyğun yerinə yetirmişdirlər. “Kuwait Airways” (88,9%), “UIA” (88,2%), “Nordwind” (87,5%) və “Iraqi Airways” (85,7%) aviaşirkətləri həmçinin yüksək nəticələr göstərmişdirlər.

Ümumilikdə isə, 2020-ci ilin yanvar ayı ərzində uçuşların 71%-i planlaşdırılmış cədvələ uyğun və ya cədvəldən 15 dəqiqədən artıq olmayan gecikmə ilə yerinə yetirilmişdir.

Qeyd edək ki, ümumilikdə 2020-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 60-dan çox müxtəlif istiqamət üzrə uçuşlar həyata keçirmiş 32 sərnişin aviaşirkətinə xidmət göstərmişdir.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

BAKU.WS