SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlil Məmmədquluzadənin "Ölülər" əsərindəki "Şeyx Nəsrullah" zühur edib.

BAKU.WS xəbər verir ki, XXI əsrin Şeyx Nəsrullahı Quliyev Nazim Bəhtər oğlu 28 sentyabr 1960-cı ildə Naxçıvanın Culfa rayonunun Əbrəqunus kəndində doğulub.

60 yaşlı N.Quliyev bu vaxta qədər onlarla qadınla qeyri-rəsmi şəkildə ailə qurub. Seçdiyi xanımlar əsasən evlilik yaşını ötmüş xanımlar olub. Hər dəfə evləndiyi kənddə əvvəlcə oranın məscidini təmir etdirib, sonra bir neçə nəfəri öz pulu ilə Məşhəd ziyarətinə göndərib, yas yerlərinə maddi yardım edib və sairə. Bir sözlə, insanları dini zəmində ələ alıb. Beləcə dələduzluq məqsədilə məskən saldığı kəndlərdə insanların etimadını qazanır və kənd sakinlərindən pul alıb.

Aldatdığı şəxslərə hərbi təqaüd düzəldəcəyinə, sosial evlərdən mənzil alacağına, nazirliklərdə vəzifəyə qoyacağına söz verərək 100 minə yaxın pul alıb.
Quliyev Nazim Bəhtər oğlunun rəsmi nikahda olduğu qadından üç övladı var. Oğlanlarından birinin adı Qurbandır, hansı ki bəzi yerlərdə özünü Qurban kimi tanıdıb. Peşəkar dələduz bəzi yerlərdə isə özünü Bəhram kimi təqdim edib.

XXI əsrin Şeyx Nəsrullahı özünü MTN agenti, generalı kimi tanıdıb. İnsanlarda özünə qarşı mərhəmət yaratmaq üçün həyat yoldaşının Aprel döyüşlərində yaralandığını, sonra isə öldüyünü deyib. Hamıya deyib ki, gizli kəşfiyyatçıdır, onun haqqında heç kimə heç nə deməsinlər. 

Quliyev Nazim Lerikin Bürsülüm kəndindən olan tamaşaçılar tərəfindən ifşa olunub. ATV-nin "BizimləSən" proqramına gələn şəxs Bəhram adlı şəxs tərəfindən aldadıldıqlarını bildiriblər. Şəkli efirdə nümayiş olunduqdan sonra onu tanıyan, daha doğrusu onun əməllərindən əziyyət çəkənlərin zənglərinin arası kəsilmək bilməyib.
Studiyaya zəng vuran kişi efirdə fotosu nümayiş olunan şəxsin oğlunu FHN-ə işə düzəldəcəyini söz verərək ondan 6500 manat aldığını deyib. Bərdədən zəng vuran Sadıqov Şirin adlı şəxs fotodakı kişinin ondan 5000 manat pul aldığını bildirib. Bakıdan zəng vuran Aynur adlı şəxs isə bildirib ki, Nazim Quliyev onun Cəlilabaddan olan bir qohumu ilə evlənib, etimad qazanaraq qohum-əqrəbadan külli miqdarda pul alaraq yoxa çıxıb.

Beləcə, onlarla tamaşaçı zəng vuraraq həmin şəxsin əməllərindən zərər çəkdiyini bildirib. İlkin hesablamaya görə, N.Quliyev insanları aldadaraq 150 min manatdan çox pul alıb.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO