SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alğı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər.

DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, Baş İdarəyə Abşeron rayonunun Saray qəsəbəsində bir nəfərin narkotik vasitələrin alğı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı həmin şəxs - qəsəbə sakini Şahin Həsənov saxlanılıb. Onun üzərinə baxış zamanı 4 qram heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Həsənovun yaşadığı evdən əlavə olaraq 30 qram heroin, 20 qram tiryək və bir elektron tərəzi aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu və onları tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.

Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbir nəticəsində narkotik vasitələrin mənbəyi olan Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılaraq istintaqa təqdim edilib. O, saxlanılan zaman üzərindən 30 qram heroin aşkarlanıb. X.Məmmədzadənin yaşadığı evdən isə əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və bir elektron tərəzi aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri istintaqa şəxsiyyəti məlum olmayan İran vətəndaşından satmaq məqsədilə alıb.

Baş İdarə əməkdaşlarının keçirdikləri bu tədbir zamanı ümumilikdə 404 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, əməliyyat tədbirləri davam etdirilir.

BAKU.WS