Bu gün Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.
 
BAKU.WS-in məlumatına görə, bu barədə haqqın.az saytına akademikin köməkçilərindən biri xəbər verib.
 
Qeyd edək ki, Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub.

Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professor, əməkdar elm xadimidir. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.
Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə deputat seçilib.

"İstiqlal" ordeni ilə təltif edilib.

18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.
 
Allah rəhmət eləsin!

BAKU.WS