SİZİN REKLAM BURADA!
055 213 76 73


 
BAKU.WS Hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun "AzeriDefence”yə müsahibəsini təqdim edir: 

– Cənab general, son vaxtlar cəbhədə aktivliyin əvvəlki illərlə müqayisədə yüksəldiyi müşahidə olunur. Artıq cəbhədə hər iki tərəf artilleriya qurğularından istifadə edir. Sizcə, cəbhə xəttindəki bu aktivləşmələr nə ilə bağlıdır və baş verənləri necə xarakterizə edərdiniz?
– Azərbaycan Ordusu son vaxtlar irimiqyaslı təlimlərə daha çox yer verir. Həmçinin, iki dəfə irimiqyaslı səfərbərlik keçirilib. Bütün bunlar Ermənistan tərəfini çox qıcıqlandırır və aydın görünür ki, qarşı tərəf qorxu içindədir. Özlərini sakitləşdirmək üçün Ermənistanın hərbi-siyasi rəhbərliyi cəbhədə təxribatlar yaratmağa çalışır. Əslində onlar açıq döyüşdən çəkinərək, postlara basqın edirlər. Baş verənlər göstərir ki, ermənilərin bütün cəhdləri uğursuzluqla nəticələnir, heç bir müvəffəqiyyət qazana bilmirlər. Əvəzində isə ciddi itkilər verirlər. Bu baş tutmayanda artilleriya qurğularından istifadə etməklə bölmələrimiz arasında çaxnaşma salmağa cəhd edirlər. Göründüyü kimi buna da nəinki nail ola bilmirlər, əksinə daha güclü və sarsıdıcı zərbələr alırlar. Bu da nəticə etibarı ilə gərginliyin artmasına səbəb olur. Onlar geri çəkilə də bilmirlər. Çünki erməni xalqının qarşısında cavab verməkdən qorxurlar. Açıq müharibə etməkdən də qorxurlar. Ermənilər görürlər ki, Azərbaycan dünyadak iqtisadi problemlərə baxmayaraq, irimiqyaslı təlimlərini də keçməkdə davam edir. Onların isə belə vəsaiti yoxdur. Qeyd etdiyim kimi ancaq postlarımıza basqın etməklə məşğuldurlar. Qarşılığını da lazımınca alırlar.

– Ermənilər dolayısı ilə etiraf edirlər ki, bu basqınlar döyüşlə kəşfiyyat- əməliyyatlarıdır…
– Əgər hansısa kəşfiyyat qrupu qarşı tərəfin içərilərinə doğru hərəkət edirsə, düşmənin müşahidəsində yaranan boşluqları öyrənir və buna uyğun tədbirini görür. Ermənilər isə bunu həyata keçirə bilmirlər və kəşfiyyat qruplarının qarşısı alınır, itki verərək, geri çəkilirlər. Yenə təkrar edirəm, erməni hərbçiləri bütün vasitələrdən istifadə edirlər ki, öz millətində ruh yüksəkliyi yarada biləcək, əməliyyat həyata keçirsinlər. Bunu da edə bilmirlər. Doğrudur, bizim də itkilərimiz olur. Amma nəzərə alaq ki, Azərbaycan əsgəri məkirli və bic düşmən qarşısında dayanıb. Onlar özləri də anlayırlar ki, ordumuz ermənilərin dərk edə bilməyəcəyi səviyyədə inkişaf edib. İndi isə onlar çıxılmaz vəziyyətdə qalıblar. İnanın ki, erməni xalqı o torpaqları əsl sahiblərinə qaytarmaq istəyir. Lakin buna imkan vermirlər. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm. Bir çox inkişaf etmiş ölkələr müqaviləli xidmətə keçmək istədi. Lakin alınmadı. Azərbaycan Ordusunda isə bir çox vacib vəzifələrdə əsgər xidmət etmir. Onlar ya gizirlərdir, ya da MAXE-lərdir. Bunlar fakt deyilmi?! Ermənilərdə isə vəziyyət necədir? Əsgər çatdıra bilmir, keçmiş əsgərləri çox aşağı məvaciblə məcburi qaydada xidmətə cəlb etdirirlər. Səngərə mülki şəxslər çıxarırlar.
 
– Göründüyü qədər ermənilərin itkiləri son bir neçə ildə ciddi şəkildə artıb. Maraqlı burasındadır ölən hərbçilərin hamısı Ermənistandan gələn ermənilərdir. Qarabağdan olan ermənilərin adı isə ölənlərin arasında yoxdur.
– Bəli, doğru məqama toxunmusunuz. Bunun bir səbəbi var. Çünki Qarabağda yaşayan ermənilər ön postlarda durmurlar. Bunun səbəbi sadədir. Qarabağ ermənilərini ön xəttə göndərsələr, yerli sakinlərdən itki olarsa onlar oranı qoyub qaçacaqlar. İndi güc-bəla ilə onları Qarabağda saxlayırlar. Buna görə də Qarabağ ermənilərini arxa hərbi hissələrə göndərirlər. Ermənistandan olanlar isə ön xəttə göndərilir. Belə vəziyyət erməni hakimiyyətinə xeyr edir. Çünki ölüm faktlarını gizlədə də bilirlər. Bu gün Ermənistandakı vəziyyət təkcə siyasi tələblərlə bağlı deyil. Elə məhz, ordudakı məlum ölüm faktları ilə də əlaqədardır. Açığını deyim ki, azacıq vaxt ərzində Azərbaycan ermənilərə və bütün dünyaya öz gücünü göstərə bilər. Azərbaycan prezidenti də öz çıxışlarının birində qeyd eləmişdi ki, böyük dövlətlər Qarabağ probleminin hərbi yolla həll edilməsini istəmir.
 
– Azərbaycan Ordusunun yaranışından bu günə qədər olan bütün proseslərinin şahidi kimi fikriniz maraqlı olardı: ərazilərimizin azad edilməsi üçün aparılacaq hərbi əməliyyatlar nə qədər çəkə bilər? Ola bilər bir qədər bəsit sual kimi qəbul olunsun. Amma bununla bağlı müxtəlif fikirlər səsləndirir. Lakin bu ictimaiyəti düşündürən məsələdir.
– Yəqin ki, burada söhbət Azərbaycan Ordusunun dövlət sərhəddinə qədər olan əraziləri düşmənlərdən təmizləməsindən gedir. Amma burada bir məqam var və bu çox vacib amildir. Azərbaycan Ordusu strateji cəhətdən vacib əraziləri azad etdikdən sonra işğal edilmiş ərazilərdən ermənilər özləri qaçacaqlar. Bunu erməni xarakterini bilən bir hərbçi kimi deyirəm. Məsələn, adını çəkmək istəmirəm. Qarabağ ərazisində bir yüksəklik var ki, həmin ərazi azad edilsə, dərhal bir neçə rayon hücum edilmədən işğaldan azad olunacaq. Açığı, müharibə başlayarsa, heç bir əlavə səfərbərliyin keçirilməsinə də lüzum yoxdur. Çünki ordumuz müharibəyə tam hazır vəziyyətdədir. Amma Ermənistan səfərbərlik etməlidir. Bu vəziyyətdə isə ciddi çətinliklərlə üzləşəcək.
 
– Hətta erməni politoloqları və keçmiş hərbçiləri də deyir ki, növbəti müharibə Qarabağda ciddi fəlakətlərə yol açacaq.
– Bu tamamilə doğrudur. Əgər döyüşlər başlayarsa, Ermənistanın Qarabağdakı separatçılara hərbi-texniki dəstək göstərmək imkanı da məhdud olacaq. Yəni istənilən halda ermənilərin silah-sursatla təminatına maneə yaradacağıq. Bu məsələ haqda detallı danışmaq istəmirəm. Amma birmənalı şəkildə deyirəm ki, Qarabağdakı erməni silahlı birləşmələrinə fəal şəkildə hərbi-texniki yardımın göstərilməsinə imkan verilməyəcək.
 
– Ermənilərin silahlanması barədə danışaq. Təbii ki, burada Rusiyanın xüsusi yeri var. Bəllidir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaratdığı imtiyazlar hesabına silahla təmin olunur. Hətta belə informasiyalar yayıldı ki, Rusiya "İsgəndər” taktik raketlərinin Ermənistana verilməsinə dair işlər görülür. Bununla bağlı fikirlərinizi bilmək istərdim.
– Birmənalı olaraq, Rusiyanın Ermənistanı bu tip raketlərlə təmin etməsinə inanmıram. Həm də bu inandırıcı da deyil. Bu ermənilərin dezinformasiyasıdır. Məqsəd Azərbaycanı narahat vəziyyətdə saxlamaqdır.
 
– Siz Çində Azərbaycanın hərbi attaşesi oldunuz. Çin də Ermənistana hərbi texnologiya satan ölkələr sırasındadır. Məsələn, hələ illər əvvəl Çin Ermənistana WM-80 reaktiv yaylım atəş sistemi, bir neçə ilə əvvəl isə AR-1A sistemi satıb.
Doğrudur. Burada bir məsələni unutmamalıyıq ki, hərbi sənaye bazar qanunları ilə işləyir. Silah istehsalçıları istehsal etdikləri satmaq üçün bazarlar axtarırlar. Amma onu qeyd etmək istəyirəm ki, bizim silahlanmada olan sistemlərlə onlara cavab verilə bilər. O sistemlər Çində istehsal olunsa da adekvat cavab vermək və hücumların qarşısının alınması üçün Azərbaycanın kifayət qədər hərbi-texniki imkanları var. Son bir ildə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus 10-dan artıq pilotsuz uçuş aparatları vurulub. Araşdırma zamanı məlum oldu ki, çox kustar üsulla hazırlanmış avadanlıqlardır. Ermənistanın əsaslı şəkildə PUA-lar istehsal etməyə maddi və texniki imkanı yoxdur. Onların istifadə etdikləri quadkopterlər xarici ölkələrdə mağazalarda satılır.
 
– Ermənistan Ordusu Qarabağdakı döyüş əməliyyatlarında hansı şəkildə bu silahlardan istifadə edə bilər?
– Döyüş təcrübəsindən də bəllidir ki, hücuma keçən tərəfin imkanları qarşıdakından 3-4 dəfə yüksək olmalıdır. Yəni ermənilərin hücum etmək üçün imkanları bizdən qeyd etdiyim qədər yüksək olmalıdır. Bu da faktdır ki, Ermənistanda belə imkana malik deyil.
 
– Bu gün təmas xəttində ermənilərin atdığı atəşdən mülki insanlara da ziyan dəyir. Amma Qarabağda erməni kəndinin sakinləri açıqlamalarında demişdilər ki, Azərbaycan tərəfi istəsə bizi vura bilər. Lakin bunu etmirlər.
– Təmamilə doğrudur. Bizim hərbçilər heç bir vaxt nə kəndə, nə də mülki şəxslərə atəş açmırlar. Ermənilər isə əksini edirlər. Görürlər ki, ön xəttə alınmır, başlayırlar kəndləri atəşə tutmağa.
 
– Cəbhə xəttində ermənilər daha çox Ohaniyanın istehkam xətti ilə öyünürlər. Deyirlər ki, Horadizdən Murova qədər olan ərazidə Ohanyanın ideyası ilə qurulan bu istehkamlar aşılmazdır. Həqiqətənmi belə bir istehkam xəttinə sahibdirlər?
– Sözsüz ki, ötən dövrdə ermənilər orada bəzi mühəndis-istehkam işləri görüblər. Arxayın olun ki, Azərbaycan Ordusu üçün o xətti keçmək o qədər də çətin deyil. Bunu ermənilər də bilsələr yaxşı olar. Ermənistan hərbi birləşmələrinin hər bir hərəkəti bizə məlumdur. Ona görə də özlərini çox əziyyətə salmayıb, indidən başlarına çarə qılsınlar.
 
– Zakir Həsənov müdafiə naziri təyin olunduqdan sonra verilən qərarlardan biri də əsgərlərin təssərüfat işlərindən uzaqlaşdırılması və hərbi tədrisə cəlb edilməsi oldu. Bu 2 il ərzində hansı dəyişiklikləri hiss edirsiniz?
– Bu çox təqdirolunası məsələdir. Artıq əsgər qeyd olunan istiqamətdə heç bir iş görmür. Yalnız tam ön xəttdə xidmətdə olanları istisna etməklə… İndi əsgərlərimiz döyüş hazırlığı dərslərinə daha çox vaxt ayırırlar. Sovet dövründə bəzi əsgərlər çörək doğrayan vəzifəsinə can atırdı. Bizim orduda isə artıq əsgər üçün belə vəzifələr yoxdur. Bu böyük müvəffəqiyyətdir.
 
– Əvvəlki dövrlə müqayisədə bu gün müdafiə naziri "düşməni gördünüzsə vurun!” əmrini verib. Sizcə bunun effekti varmı?
– Əvvəllər bəzi komandirlər özləri üçün problem yaranmasın deyə düşmən atəş açmayınca atmamaq əmri verirdilər. Bacarıqlı komandir isə düşməni daim gərgin vəziyyətdə saxlayıb. Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra bu məsələlər ciddi nəzarətə alınıb. Artıq heç bir komandir "atma, qoy sakitçilik olsun” deyə bilməz. O torpaqlar bizimdir və düşmənin ayağı altında od tutub yanmalıdır. Bunu ermənilər hiss etməlidirlər.
 
BAKU.WS