SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünən "Bakubus” MMC-nin 5 nömrəli xətti ilə hərəkət edən avtobusun sürücüsünü sərnişin döyüb.


BAKU.WS
-in məlumatına görə, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, sərnişin tərəfindən döyülən sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Dünən "İçərişəhər" stansiyasına çatmamış Şeyx Şamil küçəsində bir qadın işıqforda avtobusa minməyə cəhd edib. Sürücü qapıları açmadığı təqdirdə arxadakı bir sərnişin təhqirəmiz ifadələrlə qapıların açılmağını tələb edib. sürücü qapını açmadıqda o, sürücünün üstünə gedib. Bu zaman növbə dəyişmək üçün sürücünün yanında olan Oqtay Novruzov adlı digər sürücü mübahisənin qəzaya yol aça biləcəyindən ehtiyat edərək sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Bu zaman sərnişin Oqtay Novruzovu döyüb. Bu zaman maşında olan polis əməkdaşı hadisəyə müdaxilə edib. Hadisəyə səbəb olan sərnişin polis bölməsinə aparılıb”, - deyə Nuridə Allahyarova yazıb.

Nuridə Allahyarova deyir ki, döyülən sürücü bir neçə dəfə kameralara müsbət əməllərilə düşüb:

"Oqtay Novruzov pandusu açır, özü avtobusdan düşərək fiziki məhdudiyyətli sərnişinlərə minmək üçün kömək edir. Bu gün isə o, qaydalara əməl etdiyi üçün döyülüb. Əziz sərnişinlər, siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz sürücülərimizlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz isə sadəcə qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmamağınızdır”.

Qeyd edək ki, 2 uşaq atası olan sürücü hazırda xəstəxanada ağır vəziyyətdədir. Əməliyyat olunub. Həmin sürücünün bircə günahı vardı. O, qayda-qanunlara əməl edir və sərnişinlərə hörmətlə yanaşırdı.

Ziya Səccad
BAKU.WS