SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Səbail Rayon Məhkəməsində bloqçu Mehman Hüseynovun polis tərəfindən işgəncəyə məruz qalması barədə Bakı Şəhər Prokurorluğunun araşdırması nəticəsində cinayət işinin başlamasının rədd edilməsi barədə qərarından şikayətə baxılıb. Hakim Aytən Əliyevanın sədrlik etdiyi proses qapalı keçirilib. İclasda Mehman Hüseynovun iştirakı təmin edilib. Onun hüquqlarını vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və yeni qoşulmuş vəkili Şəhla Hümbətova müdafiə edib.

Prosesdən sonra vəkil Elçin Sadıqov Bizimyol.info saytına bildirib ki, müdafiə tərəfi olaraq 7 vəsatət qaldırsalar da, heç biri təmin edilməyib. O qeyd edib ki, M.Hüseynov məruz qaldığı işgəncələr haqda ətraflı danışmaq istəsə də, hakim ona mane olmağa çalışıb. Buna baxmayaraq, Mehman Hüseynov bu haqda danışıb. Məhkəmənin tələsik qərar çıxararaq şikayəti təmin etmədiyini deyən vəkil, apellyasiya şikayəti verəcəklərini açıqlayıb: "Hakim qərarın yalnız nəticə hissəsini elan etdi, hətta şikayətimizi niyə təmin etmədiyini də əsaslandırmadı".
 

 

Vəkili Fuad Ağayev isə vurğulayır ki, məhkəmənin tələskənliyinin səbəbi onun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti ilə bağlıdır. "Mehman Hüseynovun böhtana görə iki il azadlıqdan məhrum edilməsinə dair qərarda prokurorluğun qərarına istinad olunub. Prokurorluq Mehmanın işgəncəyə məruz qalmadığı nəticəsinə gəlib və məhkəmə də hökmünü bununla əsaslandırıb. Martın 29-da Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçiriləcək. Apellyasiya şikayətinə mahiyyəti üzrə baxılana qədər işgəncə ilə bağlı məhkəmə qərarının da qüvvəyə minməsinə çalışırlar” - deyə vəkil bildirir.
  

 

Fuad Ağayev bildirir ki, prosesin gedişində hakim Aytən Əliyevaya etiraz versələr də, hakim etiraz baxılmamış saxlanıb. "Halbuki hakimə verilən etiraza məhkəmənin sədri baxıb qərar verməlidir. Ona görə də hakimin bu etirazı baxılmamış saxlaması qanunsuz idi”.

Vəkil Şəhla Hümbətova deyir ki, baş verənlər məhkəmə görüntüsü yaratmaqdan başqa bir şey deyildi: "Mən işə bu gün qoşulmuşdum, işlə tanış olmaq üçün vaxt lazım idi. Mənə 132 səhifəlik işlə tanış olmaq, surətlərini çıxarmaq üçün cəmi yarım saat vaxt verildi. Bu müddətdə heç 132 səhifəni oxumaq mümkün deyil, nəinki müdafiə qurmaq. Biz əlavə şahidlərin dindirilməsi, Nəsimi Rayon Polis İdarəsində olan videokameraların yaddaşındakı görüntülərə baxış keçirilməsi, Mehman Hüseynovun tibbi komissiyadan keçirilməsi və s. vəsatətlər vermişdik. Heç biri təmin olunmadı.

Vəkillər Səbail Rayon Məhkəməsinin qərarını alan kimi apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər. 

O, işgəncə faktının araşdırılması və cinayət işi başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib. 

DİN də onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. 
 

 

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib. 

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. 
 
BAKU.WS