SİZİN REKLAM BURADA!
055 213 76 73


Cəlilabad rayon Sarxanlı kənd orta məktəbinin sabiq direktoru Camal Bəşirovun qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Cəliləbad Rayon Prokurorluğu məlumat yayıb.

Qeyd edilib ki, toplanmış sübutlarla Camal Bəşirovun qeyd olunan vəzifədə işlədiyi dövrdə faktiki işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi və digər qanunsuz yollarla ümumilikdə 45 min manatdan artıq büdcə vəsaitini mənimsəmə və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Camal Bəşirova Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

BAKU.WS