VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri zərərçəkmiş Fazil Mustafanın məhkəmədə iştirak etməsi ilə bağlı vəsatətin təmin olunmasını istəyiblər.

Emin Əliyarovun vəkilləri - Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz bildirməyiblər.

Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa, Fazil Mustafanın iştirakı təmin olunacaq.

Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını açıqlayıb. İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən “Hüseyniyyun” qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər.

Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər.

Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Sarıcanova verib.

Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Sarıcanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı avtomat silahı isə Səbuhi Şirinova verib.

Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb.
Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Hadisədən sonra Azər Sarıcanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib.

Dəstə üzvləri teror aktından başqa Azərbaycanda müxtəlif ünvanlarda olan hərbi təyinatlı obyektləri barədə məlumatları İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüb.
İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Azər Səricanov Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş verdiyini təsdiqləyib. Bildirib ki, deputatın dinlə bağlı səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarı verib.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib: “Tapşırdım ki, ailəsinin, uşaqlarının yanında hadisəni törətməsin. Buna görə də hadisənin törədilməsi vaxtı bir qədər uzandı”.

Azər Səricanov qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər: “Bu səbəbdən əvvəldən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Dedi ki, bu, nə puldur”.

O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.

Azər Səricanov əlavə edib ki, avtomatdan başqa, tapançası da olub. Həmin tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində olub.

Növbəti proses fevralın 16-da davam edəcək.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.

BAKU.WS