Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ

Azərbaycanda gənc nişanlısına dəfələrlə təcavüz edib nişanı qaytardı - MƏHKƏMƏ
Hadisə 15721

Azərbaycanda nişanlısına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Bakı sakini Elşad Rəhimovun cinayət işinə Ali Məhkəmədə yekun vurulub.

BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, Elşad Rəhimov 15 oktyabr 2015-ci il tarixində 1999-cu il təvəllüdlü Məlahət Səlimova (ad və soyad şərti verilib – red.) ilə el adəti üzrə nişanlanıb.

Elşad 26 yanvar 2016-cı il tarixdə paltar almaq məqsədi ilə onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə aparıb. Həmin mənzildə yanvarın 30-da nişanlısının razılığı ilə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra həmin vaxtdan 2017-ci ilin mart ayınadək hər ay Məlahət Səlimovanın yaşadığı Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsindəki evə gəlib. O, evin yataq otağında Məlahət Səlimovanı dəfələrlə qeyri-təbii yolla cinsi əlaqəyə məcbur edib, istəyinə nail olub.

“Evlənməyimizə qərar verdilər”

İstintaq orqanı tərəfindən Elşad Rəhimova Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Elşad Rəhimovun cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib, hakim Oruc Cəlilovun icraatına verilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşad Rəhimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Bildirib ki, “Baku Steel Company” şirkətində fəhlə işləyib: “Məlahəti 2015-ci ilin oktyabrından tanıyıram, xalam Mətanətgilin qonşuluğunda yaşayır. 2015-ci ilin oktyabrında valideynlərim məni evləndirmək istədilər.

Həmin ilin sentyabrında xalam qızının toy mərasimində Məlahəti valideynlərimə göstərdim, həmin qızı mənə almalarını istədim. Valideynlərim də Məlahəti gördü, xoşlarına gəldi və mənim onunla evlənməyimə qərar verdilər”.

“Dini nikah kəsdirdik”

Elşad Rəhimovun sözlərinə görə, 2015-ci ilin oktyabrında valideynləri və qohumları Məlahətgilə elçiliyə gedib:

“Məlahətin valideynləri qızlarının mənimlə evlənməsinə razılıq verdilər. Həmin vaxt valideynlərim Məlahətə “Samsung” markalı mobil telefonu hədiyyə aldılar. 2015-ci ilin dekabrın 17-də Məlahətlə nişan mərasimi oldu.

Razılaşmaya görə, toyumuz 2016-cı ilin fevralın 29-a təyin edildi. Dekabrın 22-də anam, bacım və bacımın əri ilə Lənkəran şəhərinə getdik. Səhəri gün mənim ad günüm oldu. Həmin günü xalamın əri Vidadi mənim və Məlahətin şəxsiyyət vəsiqəsini aldı, bizim dini nikahlarımız rəsmiləşdirildi”.

Elşad Rəhimov qeyd edib ki, dekabrın 23-də, səhər saatlarında nişanlısı Məlahəti təhsil aldığı Lənkəran musiqi kollecinə aparıb, saat 13 radələrində onu dərsdən götürüb və yaşadığı evinə gətirib:

“Həmin günü Məlahətin valideynləri məni evlərinə qonaq çağırdılar. Axşam saatlarında anam, bacım və bacımın əri ilə birlikdə Məlahətgilə getdik.

Orada Məlahətin atası Bəhməni ilk dəfə gördüm. O, ad günüm münasibəti ilə mənə qızıl qolbaq hədiyyə etdi”.

“Dedikləri mənə qarşı böhtandır”

Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin gün axşam saatlarında Məlahətin qonşuluğunda yaşayan xalasının evinə gedib və gecəni orada qalıb:

“Ertəsi gün Bakı şəhərinə qayıtdım. Lənkəranda olarkən Məlahətlə qeyri-təbii yolla cinsi əlaqədə olmamışam, bu barədə onun dedikləri mənə qarşı böhtandır.

Lənkərandan Bakıya qayıtdıqdan sonrakı günlərlə Məlahətlə mobil telefonla biri-birimizə zəng vurmuşuq, əlaqə saxlamışıq. Həmçinin vatsapda yazışmışıq”.

“Mənim evimdə qaldı”

Elşad Rəhimov bildirib ki, 2016-cı ilin yanvarın əvvəllərində anası Fərqanə Məlahətə zəng vurub və nişan mərasimi üçün paltar almaq məqsədilə Bakı şəhərinə gəlməsini istəyib: “Yanvarın 26-da Lənkəran şəhərinə getdim, Məlahətlə görüşdüm. Sonra birlikdə Bakı şəhərinə gəldik. Bizi bacımın əri Anar və bacım Rəqsanə qarşıladı.

Onlar Məlahəti evlərinə apardılar. Məlahət iki gün bacım Rəqsanənin evində qaldı. Sonradan Məlahət mənim Xırdalan şəhərində yerləşən evimdə qaldı.

Yanvarın 30-da onun ad günü oldu, axşam saatlarında Məlahət Rəqsanənin evinə getdi. Valideynlərim Məlahətə nişan mərasimində geyinmək üçün paltar aldılar”.

“Hədə-qorxu gəlməmişəm”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin yanvarın 26-dan fevralın 8-dək Məlahət bacısı Rəqsanənin evində qalıb:

“Fevralın axırında atamın əmisi vəfat etdiyi üçün Məlahətlə toy mərasimlərimiz təxirə salındı.Həmin vaxtdan sonrakı günlər Məlahətlə telefonla əlaqə saxladım. Həm də iki aydan bir və ya ayda bir dəfə Lənkərana getdim, Məlahətlə görüşdüm, söhbət etdikdən sonra Bakı şəhərinə qayıtdım.

11 mart 2017-ci il tarixdə Lənkəranda səhər saatlarında Məlahətin nişan, axşam saatlarında isə toy mərasimi keçirildi.

Həmin günü valideynlərimlə xalam Aybənizin evində qaldıq, səhərisi günü Bakıya qayıtdıq.Bakı şəhərində yaşadığım evdə Məlahətlə nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam, Məlahətə heç vaxt hədə-qorxu gəlməmişəm”.

“18 yaşımın tamam olmasını gözlədilər”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Məlahət Səlimova bildirib ki, Elşad Rəhimovu və onun ailəsini 2015-ci ilin oktyabrın 15-dən tanıyır: “Həmin tarixdə Elşadla nişanlanmışam. Elşadın 25, mənim isə 16 yaşım vardı.

Bu səbəbdən atam toya razılıq vermədi, 18 yaşımın tamam olmasını gözlədilər. Nişanlandıqdan sonra Elşad hər ay Lənkərana gəlib və mənimlə görüşüb. Adətən, gündüzlər Elşad bizim evimizdə olub”.

“Səsini kəs, sən artıq kəbinli arvadımsan”

Məlahət Səlimovanın sözlərinə görə, 2015-ci ilin dekabrın 22-də onlar dini kəbin kəsdiriblər: “Dekabrın 23-də səhər vaxtı Elşad məni təhsil aldığım kollecə dərsə apardı, saat 13 radələrində məni dərsdən götürərək evə qayıtdıq.

Həmin gün valideynlərim yas mərasimində, bacılarım isə işdə olduğundan evdə mən və Elşaddan başqa heç kim yox idi.

Bundan istifadə edən Elşad qolumdan tutaraq zorla yataq otağına apardı. Məni çarpayının üstünə yıxdı, şalvarımı çıxarmaq istədi. Mən buna imkan verməsəm də, Elşad zorla şalvarımı çıxardı, mənə “səsini kəs, sən artıq mənim kəbinli arvadımsan”, – deyə bildirdi.

Sonra zorla mənimlə cinsi əlaqədə oldu. Bu zaman ağrı hiss etdiyimdən Elşadı üstümdən itələdim. Birtəhər Elşadın altından çıxaraq anamın otağına qaçdım. Oradan paltar götürdüm və əynimə geyinəndə gördüm ki, geyimə qan ləkələri düşüb.

Sonra Elşadın yanına gəldim. Ona “sən nə səbəbə belə etdin, biz ancaq toydan sonra görüşməli və əlaqədə olmalı idik, sən mənimlə zorla əlaqədə oldun, mən belə istəmirdim”, – dedim.

Elşad isə güldü və “sən mənim kəbinli arvadımsan, narahat olma, heç kimə də heç nə demə”, – deyə qeyd etdi. Bu barədə heç kimə heç nə demədim”.

“Heç kəsə heç nə demədim”

Zərərçəkmiş daha sonra baş verənləri belə ifadə edib: “Elşadla parka getdik, gəzdik, şəkil çəkdirdik. Saat 23 radələrində yaşadığım evə qayıtdıq. Həmin gün, yəni 23 dekabrda Elşadın ad günü olduğu üçün ailəm onu qeyd etdi, ona hədiyyə verdilər”.

Məlahət Səlimovanın ifadəsinə görə, Elşad 26 yanvar 2016-cı il tarixdə Lənkəran şəhərinə gəlib və onu Bakıya aparıb:

“Bakı şəhərində iki gün Elşadın bacısının evində qaldım. Sonra isə onun Xırdalan şəhərində olan evinə getdim. Nişan mərasimində geyinmək üçün Elşadın valideynləri mənə paltar aldı. Onun evində qaldığım müddətdə, Elşad valideynləri yatandan sonra məni öz yatdığı otağına aparıb, istəyim olmadan, zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Qorxduğumdan nə öz valideynlərimə, nə də Elşadın valideynlərinə hərəkətləri barədə heç nə deməmişəm”.

“Biabırçılıq olmasın deyə səsimi çıxarmamışam”

Məlahət Səlimova bildirib ki, Bakı şəhərində Elşadın evində qaldığı müddət ərzində Elşad onunla 30 yanvar 2016-cı il tarixdə qeyri-təbii yolla bir dəfə cinsi əlaqədə olub:

“Sonradan Elşad hər ay Lənkərana gəldi, mənimlə görüşdü və bizim evimizdə qaldı. Elşad valideynlərimə “xalamın evində qalanda xoşuna gəlmir” dediyi üçün atam onun evimizdə qalmasına icazə verdi. Elşad hər dəfə gələndə mənə məxsus yataq otağında qalıb, mən isə anamgilin yanında yatmışam.

Beləcə Elşad 2016-cı ilin fevralından 2017-ci ilin martınadək olan müddət ərzində mənimlə yatdığı otaqda, gecə saatlarında, razılığım olmadan təxminən 9-10 dəfədən çox qeyri-təbii yolla cinsi əlaqədə olub. Mən də biabırçılıq olmasın deyə və valideynlərimin yatdığını gördüyüm üçün səsimi çıxartmamışam”.

Məlahət Səlimovanın ifadəsinə görə, Elşad dəfələrlə, yəni təxminən 10 dəfədən çox onunla qeyri-təbii yolla cinsi əlaqədə olub:

“Hər dəfə Elşad mənimlə cinsi əlaqədə olanda valideynlərimin yatdıını görüb, utandığımdan səsimi çıxartmamışam. Həm də qorxumdan valideynlərimə heç nə deməmişəm. Həmin vaxt Elşad məni şillə ilə vurub, döyərək etdiyi hərəkət barədə heç kimə heç nə deməməyi tapşırıb”.

Mebelə görə nişan qaytarıldı

Məlahət Səlimova qeyd edib ki, 2017-ci ilin martın 11-də onun toyu (qız toyu) olub, sonra oğlan toyu olmalı imiş:

“Mənim toyumdan sonra valideynlərim tərəfindən alınan mebel və başqa cehiz əşyaları Bakı şəhərinə, Elşadın yaşadığı evə aparıldı, orada ev bəzədildi. Sonrakı gün telefonda danışarkən Elşad mənə “atan sadə və ucuz mebel alıb, bizə bahalı mebellər lazımdır, atan simic adamdır”, – dedi.

Bununla əlaqədar ailələrimiz arasında narazılıq yarandı. Mənim nişanım qaytarıldı və daha sonra ailələrimiz arasında olan əmlak məsələsi ilə bağlı mübahisə rayon məhkəməsinə qədər çıxdı.

Şirvan Apellyasiya Məhkəməsinin yekun iclası olandan sonra dəhlizdə Elşadın atası mübahisə zamanı anama “oğlum Elşad sənin qızın Məlahətin həyatını məhv edib, onunla cinsi əlaqədə olub, indi kimə istəyirsən get qızını ver”, - deyə bildirdi.

Bundan sonra valideynlərim Elşadın mənə qarşı etdiyi pis hərəkətlər barədə soruşdu. Mən də Elşadın hərəkətləri barədə valideynlərimə danışdım. Valideynlərim məni Lənkəran, Masallı və Bakı şəhərinə bir neçə həkim və ekspertlərin yanına apardı, tibbi müayinədən keçirdilər. Həkimlər valideynlərimə bakirəliyimin pozulduğunu dedilər.

Bu işin üstü açılandan sonra valideynlərim polisə şikayət etdi. Polis şöbəsinə ərizəni atam mənim adımdan yazdı, mən də ərizəni imzaladım. Bu iş üzrə polisə sərbəst ifadə verdim və həmin ifadəni təsdiq edirəm”.

2 il islah cəzası

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Rəhimova istintaq orqanı tərəfindən verilən Cinayət Məcəlləsinin 150.2.3-cü maddə sübuta yetirilməyib.

Hökmə əsasən, həmin maddə Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. Məhkəmə ona aylıq qazancının 20 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası təyin edib.

Hökmdən narazı qalan Elşad Rəhimov apellyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Prokuror tərəfindən isə apellyasiya protesti verib. Prokuror təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Zərərçəkmiş tərəf də təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması barədə apellyasiya şikayəti verib.Protest və şikayətlər araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apellyasiya şikayətləri və protestin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti, təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. Prokuror qeyd edib ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilib qiymətləndirilməyib, nəticədə iş üzrə toplanmış sübutlar, xüsusilə də zərərçəkmiş şəxsin ifadələri Elşad Rəhimovun Cinayət Məcəlləsinin 150.2.3-cü maddəsi ilə, yəni yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakı hərəkətləri törətməkdə təqsirli bilmək üçün kifayət etdiyi halda, onun əməli əsassız olaraq Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə tövsif olunub.

Prokurorun qeydlərinə görə, Elşad Rəhimova onun cəzasını yüngülləşdirən heç bir halın müəyyən olumadığı, əksinə cinayətlərin təkrar törədilməsi kimi cəzanı ağırlaşdıran halın olduğu lazımınca nəzərə alınmadan həddindən artıq yüngül – islah işləri növündə cəza təyin edilib.

Prokuror Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, ağırlaşdırıcı halların müəyyən olunması üçün işin yenidən apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini istəyib.

Zərərçəkmiş tərəf də kasasiya şikayəti verib. Onlar Şirvan Apellyasiya Məhkəməsinin 16 sentyabır 2019-cu il tarixli qərarının ləğv olunmasını, cinayət işinin yenidən apellyasiya instansiyasında araşdırılmasını xahiş ediblər.Təqsirləndirilən Elşad Rəhimovun vəkili də kasasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını əsas gətirib və ona bərat verilməsini istəyib.

Tərəflərin şikayətləri Ali Məhkəməyə göndərilib. Hakim Hafiz Nəsibovun sədrliyi ilə baş tutan iclasda prokurorun kasasiya protestinin, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin vəkilinin kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin vəkilinin kasasiya şikayətləri təmin olunmayıb.

Son xəbərlər