SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Bakıda avtomobil qəzasında yaralanan beş nəfərin müalicəsi davam etdirilir.

BAKU.WS xəbər verir ki, bu barədə apa-ya TƏBİB-dən bildirilib.

Əlavə olunub ki, hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində iki nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir.

Ümumilikdə, TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə baş verən hadisə ilə əlaqədar beş nəfər yerləşdirilib:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində xəsarət alan bir nəfər ailəsinin istəyilə özəl tibb müəssisəsinə, iki nəfər isə vəziyyətlərinə uyğun olaraq TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunublar. Hazırda Sabunçu Tibb Mərkəzinin Cərrahi reanimasiya şöbəsində iki nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə stabil qiymətləndirilir. Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunan xəstələrdən biri ambulator müalicə üçün evə buraxılıb, bir nəfər isə öz ərizəsi ilə tibb müəssisəsini tərk edib”, - deyə TƏBİB-dən bildirilib.

Qeyd edək ki, dünən saat 22 radələrində paytaxtın Ziya Bünyadov prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

*** 12:00

Dünən axşam saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS trend-ə istinadən bildirir ki, qəzada bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Belə ki, 2002-ci il təvəllüdlü Yusifli Yusif Əliağa oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Kainbəyov Tağıbəy Məhəmmədbəyoviçin idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil ilə toqquşub.

Daha sonra "Lada Granta" idarəetməni itirib yolayrıcı səddi keçərək əks istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Əliyev Mürsəl İsmayıl oğlunun idarə etdiyi "Chevrolet Cruze", 1956-cı il təvəllüdlü Atakişiyev Nəsib Qurban oğlunun idarə etdiyi "Mercedes" və 2001-ci il təvəllüdlü Quliyev Orxan Etibar oğlunun idarə etdiyi "Toyota Prius" markalı avtomobillərlə toqquşub.

Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində "Lada Granta" markalı avtomobilin sürücüsü Yusifli Yusif Əliağa oğlu hadisə yerində ölüb, onun sərnişinləri 2002-ci il təvəllüdlü Əlizadə Nicat Ramiz oğlu, 2002-ci il təvəllüdlü Aslanov Qismət Eyyub oğlu, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Əliyev Mürsəl İsmayıl oğlu və sərnişini 1981-ci il təvəllüdlü Məmmədova Ofelya İsmayıl qızı, "Toyota Prius" markalı avtomobilin sürücüsü Quliyev Orxan Etibar oğlu və sərnişini 1966-cı il təvəllüdlü Məmmədova Yeksarə Kamil qızı, "Mercedes" markalı avtomobilin sürücüsü Atakişiyev Nəsib Qurban oğlu aldıqları xəsarətlər ilə əlaqədar "Sabunçu Tibb Mərkəzi"-nə yerləşdirilib.

BAKU.WS
VİDEO