SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu zamanı xəsarət alan diplomatik korpus əməkdaşlarından birinin cərrahi əməliyyatı başa çatıb və vəziyyəti yaxşılaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

“İkinci yaralı əməkdaşımızın cərrahi əməliyyatı isə davam edir. Həkimin rəyinə görə, onun əməliyyatı daha iki saat davam edəcək və ümid edirik ki, əməliyyat başa çatdıqdan sonra onlar palataya köçürüləcək”, - Əli Əlizadə vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycan İrandan bu terror aktları və onların nəticələrini təqib etməsini, bütün məsuliyyət daşıyanları həbs etməsini və müvafiq orqanlar adından bu hadisələrə görə məsuliyyət daşıyanların hamısının müəyyən olunmasını, nəticələri Azərbaycana bildirməsini gözləyir.

“Biz bu hadisələri terror aktı kimi qiymətləndiririk, çünki iki ölkə arasında belə hadisələr gözlənilmirdi. Hadisəyə görə çox təəssüflənirik”, - Azərbaycan səfiri bildirib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanmış şəxs mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terrorçu Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

BAKU.WS