SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda dəhşətli yanğın hadisəsi baş verib. Kimyaçılar qəsəbəsində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Məlumata görə, ailə həmin evdə kirayədə qalırmış.

Hadisə şahidlərinin Baku TV-yə verdikləri açıqlamaya görə, yanğın zamanı ölən körpələrin valideynləri evdə olmayıblar. Belə ki, ata həmin vaxt işdə, ana isə məişət tullantılarını atmaq üçün çöldə olub və qapını bağlayıb.

Qonşulardan biri hadisəni belə təsvir edib:

“Çıxdım ki, hamı yığışıb. Ev yanır. Gəldik, dedilər ki, qapılar bağlıdı, uşaqlar içəridə qalıb. Səbəbini hələ heç kim bilmir. Deyilənə görə elektrikdən olub yanğın”.

Yanan evlərdən birinin sakini Ofelya Hüseynova isə bildirib ki, tüstü çıxdığını görən kimi qonşuları çağırıb, qapını sındırıblar, amma alov bütün evi bürüyübmüş:

“Ondan sonra söndürmək mümkün olmadı. Uşaqlar da evdəydi”.

Daha ətraflı Baku TV-nin süjetində:

***16:07

Sumqayıtda yaşayış evində yanğın olub, iki azyaşlı yanaraq ölüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yerinin kəşfiyyatı zamanı 2 nəfər azyaşlının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evlərin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***15:18

Sumqayıtda iki azyaşlı yanaraq ölüb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, fərdi yaşayış evlərinin birində yanğın baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra evdə 2 uşağın yanmış meyiti aşkarlanıb. Həmin azyaşlıların 2017-ci il təvəllüdlü Sübhan Abbasov və 2021-ci il təvəllüdlü Dərya Quliyeva olduğu bildirilir.

Məlumata görə, hadisə baş verən zamanı evdə uşaqlar tək olub.

Hər iki uşağın meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO