İsmayıllı rayonunda özünü öldürən 2003-cü il təvəllüdlü İsmət Qismət oğlu Əsədov əslində çox yaxşı şagird olub.

 

Bu barədə İsmayıllı şəhər 5 saylı tam orta məktəbin direktoru Elçin Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

Məktəb direktorunun sözlərinə görə, 7-ci sinif şagirdi olan İsmət həm tərbiyəli, həm də yaxşı oxuyan olub. Həmişə də dərsə vaxtlı-vaxtında gəlirmiş. Müəllimlər də ondan şikayət etmirlərmiş.

Məktəb direktoru kütləvi informasiya vasitələrində İsmət Əsədovun kasıbçılıq üzündən forma ala bilmədiyinə görə intihar etməsi barədə yayılan xəbərləri əsassız sayıb. Onun sözlərinə görə, uşağın ailəsinin maddi durumu normaldır.

"Yazırlar ki, uşaq məktəbli formasına görə özünü öldürüb. Axı bu barədə yalan yazmaq ayıbdır, günahdır. İsmətin atasını hamı zəhmətkeş və yaxşı insan kimi tanıyır. Ailəsində heç bir problem də olmayıb. Valideynləri də bilmirlər İsmət niyə canına qıyıb”, - deyə Elçin Məmmədov bildirib.

İsmayıllı rayon prokuroru Rahib Seyidov da BAKU.WS-ə açıqlamasında bildirib ki, azyaşlının intiharının səbəbi məktəbli forması olmayıb.


"İntihara ilkin versiya kimi uşağın məktəbə getmək istəməməsi olub. Lakin hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq”, - deyə Rahib Seyidov bildirib.

Ziya Səccad
BAKU.WS