Yerli həkimlərin səhlənkarlığına görə Azərbaycanda növbəti ölüm hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, İrina Zotov adlı xanımın atası (67 yaş) 19 avqust tarixində əməliyyata girib və həkimlərin günahı üzündən dünyasını dəyişib. 

Vətəndaşın sözlərinə görə təcili yardım maşınında atası "Bakı Sağlamlıq Mərkəzi"nə çatdırılıb. Reanimasiyaya yerləşən xəstəyə düzgün diaqnoz qoyulmadığı üçün əməliyyat bir xeyli gecikib. Kritik vəziyyətdə xəstə klinikaya gətirilsə də xəstəxanada ultrasəs müayinə, rentgen və digər cihazlardan istifadə edərək ona diaqnoz qoymaq mümkün olmayıb. Xəstəni əməliyyat edəcək cərrah isə sərxoş halda klinikaya gəlib. Kabinetində öz kreslosuna otura bilməyən cərrah o qədər içkili olub ki, hətta siqareti belə ağızına apara bilməyib. 
 
"Bütün bunları gördükdən sonra biz xeyli heyrətləndik. "Bakı Sağlamlıq Mərkəzi"nin şöbə müdiri Elçin Əzizovdan soruşduq ki, bəlkə toydan gəlmisiniz. O cavab verdi ki, yox evdən gəlmişəm və içməyə də hüququm var. Mən doktordan təkrar soruşdum ki, biz əməliyyat üçün sizi gözləyirdik? O isə cavabında mənə söyüşlər söydü və bizi çölə göndərdilər" - deyə İrina bildirib. 

Vətəndaşın sözlərinə görə, onun atası üzərində heç bir tədqiqat aparılmayıb. Diaqnoz qoymaqda çətinlik çəkən sərxoş həkimə mane olan xəstənin yaxınları əməliyyatı başqa həkimə həvalə edib. Nəhayət gecə saatlarında İrinanın atasını ayıq həkim tərəfindən əməliyyat olunub. Ancaq təəssüf ki, əməliyyatdan sonra yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.  

Nazim Babayev
BAKU.WS