SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi Bakının Xəzər rayonunda şagirdin müəllim tərəfindən zorakılıq görməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun oxu.az-ın sorğusuna cavab olaraq bildirdiyinə görə, yanvarın 12-də Təranə Rüstəmova Xəzər Rayon Polis İdarəsinin 3-cu Polis Şöbəsinə müraciət edərək qeyd edib ki, 28 dekabr 2021-ci ildə 117 saylı məktəbdə idman dərsi zamanı qızı L.Əliyeva fiziki tərbiyə müəllimi Kəmalə Qasımova tərəfindən döyülüb:

“Həmin müraciətlə əlaqədar məktəbli və valideyni polis şöbəsinə dəvət edilib. Valideynin izahatı alınıb. Daha sonra məktəb müəllimi K.Qasımova da polis şöbəsinə dəvət edilərək onun da izahatı alınıb. Müəllim ifadəsində şagirdin məktəbin divarlarını yazdığına görə tənbeh etdiyini və döymədiyini qeyd edib.

Eyni zamanda, məktəblinin valideyninə azyaşlının tibbi ekspertizadan keçirilməsi təklif olunub. Lakin valideyn uşağın xəsarətinin olmadığını bildirib və tibbi ekspertizadan keçirilməsini istəməyib”.

O qeyd edib ki, hazırda iş üzrə şahid ifadələrinin alınması prosesi davam etdirilir:

“Toplanmış materiallar qərar qəbul edilməsi üçün Xəzər Rayon Prokurorluğuna göndəriləcək”.

Qeyd edək ki, ötən gün Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşdığı barədə məlumat yayılmışdı.

***13.01.2022 15:28

Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbin şagirdi fiziki tərbiyə dərsi zamanı sinif yoldaşları ilə divarda şəkil çəkən zaman fənni tədris edən müəllimin zorakılığı ilə rastlaşıb.

Bu barədə məktəbdə təhsil alan şagird Leyla Əliyevanın anası sosial şəbəkələrdə paylaşım edib.

Paylaşımda bildirilib ki, qızı marker ilə şəkil çəkmək istəyəndə fiziki tərbiyə müəllimi onun əlindən markeri alıb:

“Şagirdlərin gözü qarşısında qızımın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Ərizə ilə şikayətimi bildirəndə bütün şagirdlər gördükləri bu dəhşətli özbaşınalığı müdiriyyətə danışdı. Xatırladım ki, mən də 16 il təhsil müəssisəsində müəllim kimi çalışmışam.

Üç övlad böyüdürəm. Uşaqlarımın tərbiyəsinə və təhsilinə xüsusi diqqət yetirirəm. Bu özbaşınalığa susmayacağam. Belə vəhşiliyə yol verən kəs müəllim adını daşımamalıdır”.

BAKU.WS-in məlumatına görə, qurumdan oxu.az-ın  sorğusuna cavab olaraq bildirilib ki, paytaxtdakı 117 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəlliminin dərsin təşkilində yol verdiyi nöqsanla bağlı müvafiq araşdırma aparılıb:

“Araşdırma nəticəsində 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub”.

Həmin müəllim Kəmalə Qasımovadır.

BAKU.WS