VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür. Hərənin bir himayəçisi var. Burada rus bölməsi neyləsin?”.

Bu sözləri millət vəkili Fazil Mustafa BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, cəmiyyətdə baş verən bütün problemləri rus dili ilə bağlamaq düzgün deyil.

“Əxlaqsızlıq, narkomaniya yayılırsa, bu rus dili bölməsinin günahı deyil. Bölgələrdə tutulan azərbaycanlılar rus bölməsini bitirənlər deyil. Ümumiyyətlə bölgələrdə rus bölməsində təhsil alanlar o qədər də çox deyil.

Təbii ki, gecə barlarına baş çəkənlər arasında hər bölmədə təhsil alan uşaqlar ola bilər”, - deyə millət vəkili bildirib.

F.Mustafa deyir ki, rus bölməsində təhsil alan insanlar üçün müsbət amillər çoxdur:

“Rus bölməsində təhsil alan uşaqların mütaliə etməsi artıq olur. Çünki onlar fərqli dil bilgisi əldə edirlər. Bunun da müəyyən avantajı var. Rus və Azərbaycan bölməsində təhsil alan uşaqlar arasında uğurlu təhsil alanları da var”.

F.Mustafa deyir ki, ölkədə təhsilin səviyyəsini qaldırmaq üçün ilk növbədə müəllimin nüfuzunu qaldırmaq lazımdır:

“Müəllimin nüfuzunu da onun aldığı maaşla qaldırmaq lazımdır. Müəllim o vaxt işinə bağlanacaq ki, o, məktəbdə yaxşı məvacib alacaq. Xüsusilə diqqət etmək lazımdır ki, məktəbdə ən yaxşı müəllim direktor vəzifələrinə gətirilsinlər.

Belə olan halda həmin şəxs işinə can yandıracaq. Bunlar olmayandan sonra uşaların tərbiyə olunması çətin olur”.

Deputat həmçinin vurğulayıb ki, uşaqların təlim-tərbiyəsilə valideynlər də ciddi məşğul olmalıdırlar:

“Cəmiyyət məktəbə kömək etməyəcəksə, valideyn öz günahını məktəbdə axtaracaqsa, özündən istəmədiyini müəllimdən tələb edəcəksə, onda məsələlər itəcək. Müəllimlər həm də tələbdən başqa, məktəbə nəzarət etməlidir.

Valideyn məktəbdə olan neqativləri vaxtında çətdırmalıdır. Hamı evində oturub, məktəbdə baş verənləri izləməməlidir. Valideyn komitələrinin fəaliyyətini gücləndirmək lazımdır.

İclaslar keçirilməlidir, uşaqlar barədə müəllimlərin fikirləri müzakirələrə çıxarılmalıdır. Bunlar olmayanda, müəllimlə şagirlər arasında körpülər dağılır, münasibətlər korlanır. Problemin kökü budur”.

Əxlaqsızlığa gəlincə, F.Mustafa deyir ki, bu gün Bakıda və bölgələrdə geniş yayılıb:

“Fahişəlik bir sosial problemə çevrilib. Hərdən mənə elə gəlir ki, kimlərsə bilərəkdən narkomaniyanı yaydıqları kimi fahişəliyi də elə yayırlar. Çünki burada gəlir var. Eyni zamanda uşaqların bu pis vərdişlərə alışmasına şərait yaradılır.

Bundan başqa, cinsi tərbiyə sıfır vəziyyətindədir. Bu da əxlaqsızlığa açılan yoldur. Uşaqlar bilgisiz olanda, daha çox həmin istiqamətə meyl göstərir. Hansı sahəyə qadağa olursa, uşaq daha çox ora maraq edir”.

Millət vəkili deyir ki, bütün bunların hamısı kompleks olaraq islahat tələb edən məsələdir:

“Əvvəllər Azərbaycanda başqa millətin nümayəndələri, yahudilər, ruslar, ermənilər çox idi. Bu mühitin içində insanlar daha kosmopolit olurdular. İndi belə bir mühit yoxdur.

Hər tərəf azərbaycanlıdır. Ona görə də, bu məsələ əsaslandırılmış məsələ deyil. Bu səbəbdən də, yaranmış problemləri özümüzdə axtarmalıyıq. Çünki yaranmış neqativliklər cəmiyyətlə bağlıdır”.

F.Mustafa düşünür ki, bizim vətəni sevmə problemi deyilən məsələ təhsilin problemi olmamalıdır:

“Bizim işimiz ağıllı və savadlı şəxslər yetişdirmək məsələsi olmalıdır. Cahilin vətən sevgisi də sonradan böyük təhlükə törədə bilər. Bu faydasız bir şey olur.

Hazırda rus bölməsinə uşaqların qoyulması Azərbaycanda bir modadır.

Necə ki, bir müğənnini dinləmək modadır, yaxud, uşağın savadı olmaya-olmaya onu universitetə qoyub, 5 il oxutdurmaq modadır. Peşə təhsilinin olmaması, onun istəmədiyi sahəyə qoyulması modadır.

Nə mod düşürsə, biz onun dalınca qaçırıq. Hamı necə, biz də elə. Rus bölməsi də elədir. Rus bölməsində dərs deyən müəllimlər əvvəlki kimi pedaqoqlar deyillər.

Onların uşaqlara öyrətdiyi rus dili də, ədəbi dil deyil. Bu dildə uşaqlara mütaliə etməyə imkan vermir.

Mən rus dilininin ciddi təhlükəsini görmürəm. Mən insanların moda xatirinə rus dili öyrənməsinin ciddi təhlükəsini görürəm”.

Millət vəkili bildirir ki, insanların dil bilgisinin olması xoşdur:

“Kimin imkanı var, rus dilini, ingilis dilini öyrənsin. Bu çox vacibdir. Lakin birinci növbədə insanın öz milli dilində təfəkkürünün formalaşması lazımdır.

Çünki uşaq ana dilində mənimsədiyini heç bir dildə mənimsəmir. İkincisi də, evdə rus dilini bilən yoxdursa, artıq uşağın rus məktəbində oxumasının böyük fəsadları ortaya çıxır.

Uşaq nə öz dilində təfəkkür edə bilir, nə də rus dilində bilgisini təkmilləşdirə bilir. Buna görə də, çox uşaq əziyyət çəkir.

Bakıda əvvəllər rus bölməsində oxuyanlar, çöldə də başqa millətin uşaqları ilə münasibət qururdu və dili mükəmməl bilirdi”.

Ziya SƏCCAD
BAKU.WS