"Bu ilin may ayından başlayaraq manatın məzənnəsini neftin təsirindən daha çox, avro-dolların dünya bazarındakı dəyərinin dəyişməsi müəyyənləşdirir. Mərkəzi Bank ikili valyuta səbətində avronun payını artırıb. Belə olan halda avronun bahalaşması manatın bahalaşmasına, ucuzlaşması isə milli valyutamızın dəyər itirməsinə səbəb olur".
 
Bunu BAKU.WS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov söyləyib. İqtisadçı hesab edir ki, yaxın aylarda Azərbaycanda devalvasiya təhlükəsi gözlənilmir: 
 
"Devalvasiya haqqında qərarı Azərbaycan Mərkəzi Bankı (AMB) qəbul edir. Manatın məzənnəsi inzibati yolla müəyyən edildiyi üçün proqnoz vermək mümkün deyil. Ancaq son proseslərdən görünür ki, AMB manatın məzənnəsinin mövcud dəhliz daxilində saxlanılmasına çalışır. Baş bank istəyir ki, ölkədə devalvasiyaya getməsin. Çünki bu proses bank və özəl sektor üçün ciddi risk yarada bilər", - deyə iqtisadçı-alim söyləyib.
 
V.Bayramov devalvasiya təhlükəsindən sığortalanmağın yollarını da açıqlayıb: "Vətəndaşlar vəsaitlərini valyuta formasında saxlasınlar. Valyuta səbətinin 70%-i dollar, 15%-i avro, 15%-i isə manatla saxlanılması məqsədəuyğundur. Yəni, 10 min pulu olan şəxs onun 7500-nü dollarda, 1500-nü avroda, yerdə qalan hissəsini isə avroda saxlamalıdır. Pulu belə saxlamaq insanları bütün iqtisadi risklərdən qoruyacaq", - deyə V.Bayramov əlavə edib.
 
ŞAHİN Həbibov 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ