Türkiyə Böyük Millət Məclisi (TBMM) millət vəkillərinin toxunulmazlığını ləğv edən konstitusiya dəyişikliyi qəbul edib. ANS PRESS-in məlumatına görə, toxunulmazlığın ləğv edilməsi üçün keçirilən səsvermə gizli olub. 

Səsvermə nəticəsində 2 maddəlik dəyişiklik layihəsinin 1-ci maddəsi 373 səs, 2-ci maddəsi isə 374 səslə qəbul edilib. Daha sonra qaydalara uyğun olaraq hər iki maddə birlikdə səsverməyə çıxarılıb. İki maddə üçün keçirilən səsvermədə konstitusiya dəyişikliyinin lehinə 376 millət vəkili səs verib. Yetəri qədər səs toplandığı üçün dəyişikliklər referendum keçirilmədən qəbul olunub. 

Səsvermə zamanı gərginlik də yaşanıb. Cümhuriyyət Xalq Partiyasının (CHP) bəzi millət vəkilləri  TBMM-in spikeri İsmayıl Kahramana etiraz edərək iclası vaxtından əvvəl tərk ediblər.  

Bundan əvvəl də layihənin müzakirəsi zamanı bir neçə dəfə qalmaqal yaşanıb. Çünki bu dəyişikliyin qəbul edilməsinə hakim partiya tərəfdar olsa da müxalifət daim qarşı çıxıb.

Bu səbəbdən Türkiyə Böyük Millət Məclisində ( TBMM) layihənin müzakirəsi zamanı dəfələrlə  dava düşüb. Bu davalar isə əsasən Ədalət və İnkişaf Partiyası (AKP) və Xalqların Demokratik Partiyasının (HDP) millət vəkilləri arasında olub. 

Etirazlara baxmayaraq qəbul edilən dəyişikliklər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzasından və "Rəsmi qəzet”də dərc olunduqdan sonra qüvvəyə minəcək.

Türkiyədə prokurorluq orqanları tərəfindən 138 millət vəkili haqqında cinayət işi açılıb. Lakin deputat toxunulmazlığı ilə əlaqədar prokurorlar bu işlər üzrə istintaq apara bilmirdilər. Bundan sonra həmin millət vəkillərinin istintaqa çağırılması, dindirilməsi, saxlanılması, məhkəmə önünə çıxarılması və barələrində həbs qərarı verilməsi mümkün olacaq.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ