SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gündən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunur.

BAKU.WS xəbər verir ki, Bakının bütün məktəbləri kimi 46 saylı tam orta məktəbində də şagirdlər həvəslə dərslərə gəliblər.

Qeyd edək ki, məktəbdə 1243 şagird təhsil alır. 1119 şagird V–IX sinif şagirdləridir. Ümumilikdə isə 110 şagird ilk dərsə qədəm qoyur. Məktəbin XI siniflərində isə 73 şagird oxuyacaq.

Məktəbin direktoru Sevinc Budaqova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda məktəb şagirdlərin qəbulu üçün tam hazırdır.

"Ötən ilin mart ayında pandemiya başlananda martın 3-dən bir az problemlərimiz oldu. Müəllimlərimiz arasında koronavirusa yoluxanlar oldu.

Hazırda vəziyyət normaldır. İltizam yazan valideynlərin faizi çoxluq təşkil etmir. Daha çox xroniki xəstəliyi olan və immuniteti zəif olan uşaqların valideynləri narahat olurlar.

Onlar ərizə ilə müraciət ediblər. Hazırda ibtidai siniflərimizdə 497 şagirddən 77-nin valideyni ərizə ilə müraciət edərək uşaqlarını dərsə qoymurlar. Yuxarı siniflərdən isə 30-a yaxın valideyn müraciət edib".

Qeyd edək ki, paytaxtda V–IX siniflər üzrə əyani dərslər bərpa olundu

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V–IX siniflərində və xüsusi məktəblərin I–IX siniflərində əyani tədrisə start verilib.

BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub.

Bakıda əyani təhsil V–IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I–IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.

Əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları", həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I–IV siniflərində 182 018, V–IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub.

Ziya SƏCCAD
BAKU.WS
QALEREYA