Rolande Prays: "Dünya Bankı Azərbaycanla əlaqələrini daha da genişləndirəcək"

Rolande Prays: Dünya Bankı Azərbaycanla əlaqələrini daha da genişləndirəcək
İqtisadiyyat 0

Bakıda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Rolande Prays Bankın Azərbaycanla əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Bunu R.Prays iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.

Regional direktor Bankın Azərbaycan hökuməti ilə səmərəli əməkdaşlığını vurğulayıb, tərəfdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb.

İqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, Azərbaycanda beynəlxalq təcrübənin tətbiqi sahəsində tərəfdaşlıq ölkə iqtisadiyyatının inkişafına töhfələr verib.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində bərpa olunan enerji və “yaşıl” iqtisadiyyata keçid, eləcə də Azərbaycanın icrasında maraqlı olduğu digər layihələr diqqətə çatdırılıb.

Tərəflər Bankın hazırladığı investisiya layihələrinin indikativ proqramı, 2023-2028-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivəsi və əməkdaşlığın inkişaf perspektivləri barədə müzakirə aparıblar.

Qeyd edək ki, Ölkə Tərəfdaşlıq Çərçivəsi - Dünya Bankı Qrupunun üzv ölkələrin iqtisadiyyatının dayanıqlı inkişafına göstəriləcək dəstəyin əsas məqsədlərini və inkişaf nəticələrini müəyyən edən sənəddir. Sənəd Beynəlxalq Maliyyə Korporasiyası və Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi ilə birgə hazırlanır və üzv ölkələrin milli inkişaf strategiyasında əks olunan inkişaf məqsədləri ilə uyğunlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər