Rayonlarda qaz, işıq və su pulları 3 dəfə azaldılacaq? - VACİB AÇIQLAMA

Rayonlarda qaz, işıq və su pulları 3 dəfə azaldılacaq? - VACİB AÇIQLAMA
İqtisadiyyat 50

Azərbaycanda sərhədyanı kəndlərin yenidən məskunlaşmasını sürətləndirmək üçün həmin ərazilərdə elektrik və qaz tarifləri üç dəfə aşağı salınmalıdır.

Bu barədə Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc bildirib.

Deputat qeyd edib ki, ölkədə 4 244 kənd olsa da, əksəriyyətində əhali kəskin azalır, paytaxtda isə sıxlıq kritik həddə çatıb. Rəsmi olmayan rəqəmlər Bakıda faktiki əhalinin artıq 3 milyondan çox olduğunu göstərir. Bu isə nəqliyyat, mənzil və sosial infrastrukturun yükünü artırır.

Zahid Orucun sözlərinə görə, qaz və elektrik istehlakında paytaxtın payı ölkə üzrə müvafiq olaraq 36 % və 42 %-ə çatır. Halbuki Bakı əhalisi ölkə üzrə cəmi 23 %-dir. Deputat hesab edir ki, sərhəd bölgələrində tariflərin endirilməsi kəndlərə köçü stimul­laşdıracaq və nəticədə paytaxtın yükü azalacaq.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında deyib ki, təşviq proqramları təkcə xərclərin azaldılması ilə bağlı deyil. Bu proqramlar eyni zamanda region əhalisinə daha böyük imkanlar yaratmaq, onların iqtisadi fəallığının artırılması üçün əlavə tədbirlər görülməsini özündə ehtiva edir:

"Misal üçün dövlət tərəfindən iqtisadi fəaliyyəti stimullaşdıran rayonlarda dövlətin balansında olan bir çox obyekt boş qalıb. Həmin obyektlərin iqtisadi fəallıq göstərmək istəyən əhaliyə güzəştlərlə təqdim olunması və aqrar istiqamətdə fəaliyyət göstərənlər üçün torpaq şəraitinin və ucuz texnikanın əlçatanlığının təmin edilməsi böyük töhfə verə bilər.

Kommunal xərclər təsərrüfat fəaliyyətinin tərkib hissəsidir və istehsala təsir göstərən amillərdəndir. Bu xərclərin azaldılması ilə yanaşı sahibkarlığa şəraitin yaradılması üçün əlavə təsirləri aradan qaldırmaq lazımdır. Bu gün sahibkarın ən çox problemlə üzləşdiyi məhz müəyyən strukturların əlavə xərclərə səbəb olan təzyiqlər etməsidir. Eyni zamanda vergi yükünün optimallaşdırılması da olduqca vacibdir. Çünki bir sahibkar müəyyən vergilərdən azad olunarsa, o daha fəal ola bilər, daha çox ölkə iqtisadiyyatına töhfə verə bilər. Həmçinin yeni iş yerlərinin yaradılması üçün müəyyən təşviq proqramlarını da qeyd etmək lazımdır. Sahibkarların vergilərdən azad olunması, mükafatlandırılması onların fəaliyyətinə bu və ya digər formada ciddi təsir edə bilər".

Orxan Hüseyn

Son xəbərlər