Pərviz Şahbazov: “Laçın yaxud Kəlbəcər ərazisində mühüm layihə üzərində iş gedir”

Pərviz Şahbazov: “Laçın yaxud Kəlbəcər ərazisində mühüm layihə üzərində iş gedir”
İqtisadiyyat 100

Zəngin enerji potensialı və “yaşıl enerji” ilə bağlı yüksək məram daim yeni imkanlar axtarışında olan investorlar, xüsusilə də fəaliyyətlərində bərpa olunan enerjini prioritet sayan enerji şirkətləri üçün çox gözəl fürsətdir.

BAKU.WS xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində “20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş “Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində deyilir.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir:

“Bu aspektdə, Zəngilan/Cəbrayıl rayonlarının ərazisində 240 meqavatlıq Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması üzrə bp ilə əldə edilmiş razılaşma digər şirkətlər üçün də mühüm mesajdır.

Hazırda bu stansiyanın inşasının texniki-iqtisadi aspektləri və ölkə şəbəkəsinə inteqrasiyasından irəli gələn məsələlər müzakirə edilir.

İllik, təxminən 500 mln. kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan bu layihə üzrə torpaq sahəsinin müəyyənləşdirilməsi, topoqrafik tədqiqatlar, şəbəkəyə qoşulma imkanlarının öyrənilməsi, hidrometeoroloji təhlillər və ətraf mühitə təsirin qiymətləndirilməsi istiqamətində də müvafiq işlər görülür”.

Nazir bildirib ki, “Yaşıl Enerji Zonası”nın yaradılmasına töhfə verəcək digər bir layihə Laçın yaxud Kəlbəcər ərazisində 100 MVt-dək gücdə külək elektrik stansiyasının tikilməsi perspektividir:

“Bu layihə üzrə müəyyən edilmiş ərazilərin məlumatları əsasında hazırlanmış “Məlumat sorğusu” sənədi potensial investorlara artıq təqdim edilib. Hazırda “Məlumat sorğusu” mərhələsi üzrə işlər davam etdirilir”.

Ümumən, “Yaşıl Enerji Zonası”nın yaradılması yalnız enerjinin bərpa olunan enerji mənbələrindən əldə olunmasını deyil, həm də onun ötürülməsi, paylanılması və istehlakında ən effektli və "ağıllı'' sistemlərdən istifadə edilməsi, kiçik həcmli bərpa olunan enerji həllərinə, enerji səmərəliliyinə önəm verilməsi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi, məşğulluq və yerli resurslardan istifadənin artırılması kimi çoxşaxəli məsələləri əhatə edir”.

P. Şahbazov qeyd edib ki, “Yaşıl Enerji Zonası” üzrə nailiyyətlər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər''dən biri olan “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioriteti üzrə energetika sahəsində qarşıya qoyulmuş hədəflərə də öz töhfəsini verəcək:

“Belə ki, “Yaşıl enerji məkanı” növbəti onillikdə ölkəmizin Milli Prioritetləri və 2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyasının əsas məqsədlərindən biridir.

Bu isə həm də iqlim dəyişikliyi probleminə qarşı qlobal səylərə milli səviyyədə dəstəyi təmin edəcək bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyi, hidrogen istehsalı, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər “yaşıl texnologiyalar”dan istifadənin genişləndirilməsi, enerji sisteminin çevikliyinin artırılması və investisiyaların cəlbi məqsədilə qanunverici və tənzimləyici mühitin təkmilləşdirilməsi kimi kompleks tədbirlərin görülməsini şərtləndirir.

Bütün bu istiqamətlər üzrə hədəflərimiz ölkəmizin enerji transformasiyası prosesinə enerji təhlükəsizliyi, iqtisadi inkişaf və ətraf mühitin qorunması arasında balansı təmin etməklə daxil olmasına imkan yaradır. Dünyada yüksək siyasi və maliyyə dəstəyi ilə müşayiət olunan və texnologiyaların sürətli inkişafı ilə təşviq edilən “yaşıl enerji”yə keçid prosesində bərpa olunan enerji mənbələrinin mövqeyi güclənir.

Nüfuzlu beynəlxalq enerji təşkilatlarının qiymətləndirmələrinə görə, ötən il dünyada bərpa olunan enerji mənbələrinin payı elektrik enerjisinin qoyuluş gücündə 36,5%-ə, elektrik enerjisinin istehsalında isə 29%-ə yüksəlib.

Beynəlxalq Enerji Agentliyi dünyanın enerji sisteminin “xalis sıfır” emissiyalar cığırı ilə irəliləyəcəyi təqdirdə, 2050-ci ildə elektrik enerjisi istehsalının, təxminən, 90%-nin bərpa olunan enerji mənbələrinin payına düşəcəyini, bu göstəricinin 70%-nin isə yalnız külək və günəş enerji mənbələrindən əldə ediləcəyini proqnozlaşdırır.

Avropa və Asiyada hazırkı enerji böhranları bərpa olunan enerji mənbələrinin dayanıqlılığının hələ yüksək olmadığını qabartsa da, ümumi tendensiya, xüsusilə də atmosferə atılan istixana qazları emissiyalarının azaldılmasında əsas həll aləti kimi bərpa olunan enerji mənbələrinə üstünlük verilməsi göstərir ki, dünyanın gələcək enerji mənzərəsini əsasən yaşıl texnologiyalar, həmçinin enerji səmərəliliyi müəyyənləşdirəcək”.

Son xəbərlər