Ev tikmək istəyənlərin nəzərinə: torpaq bahalaşacaq
Dünyada baş verən iqtisadi vəziyyət fonunda ölkənin mənzil bazarında qiymətlərin yüksək olması alıcıların azalması torpaq bazarına marağını nisbətən artırıb.
Birbaşa mənzil almağa maddi imkanı çatmayan vətəndaşların əksəriyyəti bu istəyini kiçik torpaq sahələri alıb 1-2 il ərzində ev tikməklə reallaşdırır. Bu baxımdan cari ilin son ayları ərzində mənzil bazarında aktivlik xeyli azalsa da torpaq bazarında vəziyyət bir qədər fərqlidir.
Daşınmaz əmlak üzrə şirkətin rəhbəri Nüsrət İbrahimov ANS-ə açıqlamasında digər əmlak seqmentləri ilə müqayisədə torpaq bazarında nisbətən stabillik olduğunu vurğulayıb: "Əgər son 2-3 aya nəzər salsaq, mənzil bazarında aktivlik 26 faiz, kommersiya bazarında 13 faiz azalıbsa, torpaq bazarında bu, cəmi 12 faiz təşkil edib. Torpaq bazarında fəallığın azalmasına səbəb həm də indi bu sahədə qeyri-mövsüm ayları olduğu üçündür. Gələn ilin mart ayından bu bazarda yenidən aktivlik müşahidə olunacaq. Bu baxımdan qiymətlərdə də müəyyən artımlar gözlənilir”.
Bu sahədə araşdırma aparan iqtisadçı Rəşad Əliyev isə torpaq bazarında aktivliyə və qiymətlərə bir neçə mühüm amilin təsir etdiyini deyir.
Onun sözlərinə görə, ümumi bazar üzrə bu sahədə kənd təsərrüfatı, kommersiya və yaşayış təyinatlı torpaqlar üzrə inkişaf dinamikası fərqli cərəyan edir: "İndi ölkədə iqtisadi fəallığın azalması ilə əlaqədar kənd təsərrüfatı və kommersiya təyinatlı torpaqlarda qiymət azalmaları müşahidə olunub. Yaşayış təyinatlı torpaqlarda isə qiymətlər ərazidən asılı olaraq dəyişir. Yeni salınan yaşayış ərazilərində qiymət enmələri çox cüzi olub. Amma paytaxtın bahalı ərazilərində torpaqların qiymətində ucuzlaşma qeydə alınıb. Kiçik torpaq sahələrində isə elə bir dəyişiklik nəzərə çarpmır”.
Rəşad Əliyev 2016-cı ilin ilk aylarında da torpaq bazarındakı vəziyyətin hazırkı dinamikada davam edəcəyini bildirir. Yalnız buna iqtisadi sferada baş verə biləcək dəyişiklik öz birbaşa təsirini göstərə bilər.
Mənzil bazarında olduğu kimi, torpaq bazarında da durğunluq və alıcılıq qabiliyyətinin azalması dünyada, eləcə də ölkədə baş verən iqtisadi vəziyyətlə əlaqədar ötən ilin sonu, bu ilin əvvəlindən başlayaraq hökm sürür.
Dünya təcrübəsinə nəzər saldıqda da görmək olur ki, iqtisadi vəziyyətlə əmlak bazarında baş verən dəyişikliklər paralel olaraq gedir. Qonşu Rusiyanın misalında xatırlamaq olar ki, rublun dəyərdən düşməsi və iqtisadi böhran ölkədə tez bir zamanda evlərin qiymətinin ucuzlaşması ilə nəticələndi. Bununla yanaşı, pulu dəyərdən düşən ruslar arasında alıcılıq qabiliyyəti də sıfıra endi.
Ümumiyyətlə isə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da mənzilə nisbətən torpaq sahələri məhdud olduğu üçün əhali arasında daim bu sahəyə maraq var. Odur ki, bu sahədəki vəziyyət demoqrafik proseslə birbaşa əlaqəli şəkildə inkişaf edir.
İqtisadçıların araşdırmalarına nəzər saldıqda da görmək mümkündür ki, son vaxtlar əsasən 2-3 sotluq torpaq sahələrinə tələbat yüksək olub. Bu da onu göstərir ki, indiki durumda xırda torpaq sahələri vətəndaşların imkanlarına cavab verir.
BAKU.WS
Oxşar xəbərlər
Bakı sakinləri "dollar bahalaşdı" deyib valyutadəyişmə məntəqələrinə axın edir (FOTO)
Əhalinin banklardakı əmanətləri noyabrda 138,9 milyon manat azalaraq bu ayın əvvəlinə milli valyuta ekvivalentində 7,2 milyard manat təşkil edib. Bu barədə Dö...