Əmlak Məsələləri Dövlət Xidmətinin saytı təqdim olunub
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsin rəsmi internet səhifəsi "www.auksion.gov.az"-ın yenilənmiş versiyası oktyabrın 30-da ictimaiyyətə təqdim edilib. Beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanmış sayt şəffaflığın artırılmasına, əlçatanlığın təmin edilməsinə, rəqamsallaşmanın əhatə dairəsinin genişlənməsinə, rəqabətliliyin, istifadəçi məmnuniyyətinin artmasına töhfə vərəcək.
BAKU.WS xəbər verir ki, media nümayəndələrinin iştirak etdiyi tədbirdə portalın istifadə qaydaları, üstünlükləri, o cümlədən saytda aparılan təkmilləşdirmə işləri barədə məlumat verilib.
İlk dəfə olaraq saytın istifadəçiləri "Digital login" ("Sima Rəqəmsal İmza", "Asan İmza", "SİMA Token (Elektron imza), "İdentifikasiya nömrəsi", "BSXM elektron imza") vasitəsilə saytda şəxsi kabinetini yaratmaqla, hesaba daxil olaraq hərraca çıxarılmış lotlara baxa bilərlər. Sifarişçilər (alıcılar) hesaba daxil olduqdan sonra prosesdə iştirak etmək üçün "Hərraca keçid" etməlidirlər.
Başqa bir yeniliyə əsasən, sifarişçilər şəxsi kabinetləri vasitəsilə lazım olan prosedurları yerinə yetirmək, etibarnamə vermək, lotlara baxmaq, hərracda onlayn iştirak etmək, sifarişlərin gedişatını izləmək, iştirak növünü (online/offline) seçmək, qalib müəyyən olunmuş lot üzrə məlumatlarla tanış olmaq və digər xidmətlərdən yararlanacaqlar.
Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov hərracların təşkili sahəsində yeni çağırışları və hazırki iqtisadi reallıqları nəzərə alaraq, müasir yanaşmaların tətbiqinin əhəmiyyətinə toxunub, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, müasir mexanizmlərin və optimal üsulların tətbiqinin vacibliyini vurğulayıb.
Sonra "www.auksion.gov.az" saytının istifadəyə verilməsi ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, yenilənmiş sayt dizayn, məzmun, funksionallıq cəhətdən əvvəlki versiyadan bir sıra üstünlükləri ilə fərqlənir. Sayt hazırlanarkən istifadəçi rahatlığını, məxfilik və təhlükəsizliyi təmin etmək üçün müasir texnologiyalardan istifadə olunub.
Saytda hərrac elanları, hərraca çıxarılan əmlaklar barədə ətraflı məlumatlar, o cümlədən foto, ilkin hərrac qiyməti, beh məbləği və digər məlumatlar yerləşdirilir.
Bununla yanaşı, sayt vasitəsilə hərraclarda iştirak üçün müraciətlər onlayn qaydada edilir, beh ödənişləri elektron yolla həyata keçirilir, həmçinin, hərracın sonunda satılmayan və satılan əmlaklarla əlaqədar məlumatlar portalda yenilənir.
Alıcılar yeni istifadəyə verilmiş sayt vasitəsilə ilkin olaraq nəqliyyat vasitələri, gələcəkdə isə səhmdar cəmiyyətlərinin səhm paketləri, kiçik dövlət müəssisələri, müsadirə edilmiş əmlaklar, faydalı qazıntı yataqları, bələdiyyə torpaqları və digər əmlaklar üzrə də sifarişlərini elektron qaydada verə biləcəklər.Həmçinin, fiziki və hüquqi şəxslər qanunvericilikdə müəyyən edilmiş hallarda daşınar və daşınmaz əmlaklarını müqavilə əsasında hərraca çıxara bilərlər. Bunun üçün Hərracların Təşkili Mərkəzinə müraciət etmək tələb olunur.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
ASCO bir neçə gəmisini metanol yanacağına keçid məqsədilə retrofit edə bilər
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2027-2030-cu illərdə bir neçə gəmisinin metanol yanacağına keçid üçün retrofit olunmasını nəzərdən keçirir. Bunu...