BP "Şahdəniz"də kompressor platformasının tikintisi üzrə yekun investisiya qərarını iyunda gözləyir

Böyük Britaniyanın "BP plc" şirkəti "Şahdəniz" yatağında "Shah Deniz Compression (SDC) kompressor platformasının tikintisi layihəsi üzrə yekun investisiya qərarının (FID, final investment decision) bu ilin iyun ayında qəbul edilməsini gözləyir.
"Report" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
Daha əvvəl T.Bayatlı layihə üzrə yekun investisiya qərarının ilin sonuna yaxın qəbul ediləcəyinin gözlənildiyini bildirmişdi.
"Hazırda "Şahdəniz"də bütün diqqət yeni layihəyə - SDC kompressor platformasının tikintisinə yönəlib. Biz bu layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirlərinin Qiymətləndirilməsi (ƏMSTQ) hesabatını ictimaiyyətə təqdim etmişik. Sənəd həmçinin hökumətə də təqdim edilib və onun təsdiqlənməsini gözləyirik ki, bu da icra mərhələsinə keçid deməkdir. Lakin icranın başlanmasından əvvəl yekun investisiya qərarı qəbul edilməlidir, bunu yaya, ən geci ikinci rübün sonuna planlaşdırmışıq, lakin bildiyim qədər, bu, iyun ayına nəzərdə tutulub", - o qeyd edib.
Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, daha sonra layihənin həyata keçirilməsi üçün podratçılar və tikinti sahələri seçiləcək.
Xəbər verildiyi kimi, layihəyə elektrik enerjisi ilə işləyən SDC pilotsuz kompressor platformasının tikintisi, elektrik və fiber-optik kabellərin, həmçinin "Alpha" və "Bravo" platformalarından yataqdaxili sualtı qaz kəmərlərinin çəkilməsi daxildir.
Sırf kompressor qurğuları üçün nəzərdə tutulduğundan, platformadan qazma işləri aparılmayacaq. SDC qazın kompressiyası üçün hər biri 11 MVt gücündə dörd kompressorla təchiz ediləcək. Dənizdə texniki xidmət yükünü minimuma endirmək üçün platforma sadələşdirilmiş elektriklə çalışan əsasən heyətsiz qurğu kimi layihələndirilib.
Yeni platforması olacaq "Şahdəniz" yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub. "Shah Deniz Alpha" və "Shah Deniz Bravo" platformalarından hasil ediləcək aşağı təzyiqli qaz əvvəlcə kompressiya olunmaq üçün yeni platformaya, təzyiq artdıqdan sonra isə "Səngəçal" terminalına daxil olacaq.
"Shah Deniz Compression" platforması "Shah Deniz Alpha" platformasından 10 km, "Shah Deniz Bravo" platformasından 3 km məsafədə suyun 85 metr dərinliyində yerləşəcək. SDC platformasının dayaq blokunun və üst tikilisinin, həmçinin sualtı infrastrukturun komponentlərinin Azərbaycanda inşa edilməsi planlaşdırılır. Tikinti sahələrində quruda tikinti və istismara verilmə fəaliyyətlərinin əksəriyyətinin 2026 və 2028-ci illər arasında həyata keçiriləcəyi gözlənilir.
2029-cu ilin yanvar-iyul aylarında SDА, 2030-cu ilin aprel-may aylarında isə SDB platformalarından ilk qaz hasilatı nəzərdə tutulur.
Oxşar xəbərlər
ARDNF yaradılandan bəri gəlirləri 207 milyard dolları ötüb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yaradıldığı vaxtdan 31 dekabr 2024-cü il tarixinədək olan ümumi gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib. "Report...
