Azərbaycana quşçuluq məhsullarının gətirilməsi ilə bağlı HƏYƏCAN TƏBİLİ

Azərbaycana quşçuluq məhsullarının gətirilməsi ilə bağlı HƏYƏCAN TƏBİLİ
İqtisadiyyat 339

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edir.

BAKU.WS xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub.

Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.

Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

Eləcə də nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.

Son xəbərlər