Azərbaycan İƏT ölkələri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib

Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)ölkələri arasında aqrar sahədə əməkdaşlıq müzakirə olunub.
BAKU.WS Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr nazir Məcnun Məmmədovun XII Bakı Qlobal Forumu çərçivəsində ölkəmizdə səfərdə olan İƏT-in Baş katibi Əsəd Məcid Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.
M. Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlardan söz açıb, ölkəmizin qlobal çağırışlardan irəli gələn təşəbbüslərə böyük həvəslə qoşulduğunu, beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlığa önəm verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarına toxunan nazir Azərbaycanın İƏT-ə üzv ölkələr ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.
O əlavə edib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə təşkilatdaxili əməkdaşlığın genişləndirilməsi zəruridir.
Nazir işğaldan azad edilmiş ərazilərin yaşıl enerji zonası elan edildiyini xatırladıb, bu ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesində mütərəqqi texnologiyaların tətbiqi və təcrübə mübadiləsi istiqamətində İƏT ölkələri ilə səmərəli əməkdaşlıq qurulduğunu bildirib. O, həmçinin qurumun tərkibində Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması prosesinin sürətləndirilməsinin vacib olduğu diqqətə çatdırıb.
Əsəd Məcid Xan öz növbəsində təşkilatın fəaliyyət planı, icra olunan layihələr və həyata keçirilən tədbirlər barədə məlumat verib. O, İƏT ölkələrində kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması və ölkələrarası ticarətin genişlənməsi üçün böyük potensialın olduğunu qeyd edib.
Görüş zamanı İƏT ölkələri arasında aqrar sahədə əməkdaşlığın mövcud vəziyyəti, təşkilatın və onun ixtisaslaşmış orqanlarının həyata keçirdiyi regional layihələr, üzv ölkələr tərəfindən irəli sürülən yeni təşəbbüslər, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Qızılın qiymətində artım sürətlə davam edir - Bahalaşmanın səbəbi açıqlandı
Dünya əmtəə bazarlarında qızılın bahalaşması davam edir. Belə ki, fevral ayının sonunda bir qədər səngiyən qiymət artımı yenidən sürətlənib. Bu dövrdə bir unsiy...
