Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən ötən il 13 büdcə təşkilatına və nəzarət zərfi dövlətə məxsus bir səhmdar cəmiyyətinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, büdcə təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyəti təftiş edilib. Eləcə də, regional maliyyə müfəttişlikləri tərəfindən bir neçə şəhər və rayonlarda fəaliyyət göstərən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Aşkar olunan 26291,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 14964,9 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.

Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin 2017-ci ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər fəaliyyət dövrünü əhatə edən yoxlama ilə ciddi nöqsanlara yol verildiyi, 2006-2019-cu illərdə lizinqə verilmiş kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və damazlıq heyvanlar üzrə gecikdirilmiş borcların yarandığı, kənd təsərrüfatı məhsulları istehsalçılarının sifarişləri əsasında alınmış texnoloji avadanlıqların dəyərinin sifarişçilər tərəfindən ödənilmədiyindən anbarlarda saxlanaraq təyinatı üzrə istifadə edilmədiyi aşkar edilib.

Yoxlama zamanı bir sıra təchizatçı şirkətlərin öhdəlikləri və lizinq müqavilələri üzrə ödənilməmiş borclardan 14,3 milyon manat vəsaitin "Aqrolizinq” ASC-nin hesabına, 52,4 min manat vəsaitin isə dövlət büdcəsinə qaytarılması təmin edilib.

Həmçinin, bəzi şirkətlərə göstərilmiş aqrotexniki xidmətlər üzrə 7,5 milyon manat dövlət vəsaitinin 2020-ci ilin sentyabr ayına qədər geri qaytarılması öhdəliyi üzrə təminedici tədbirlər həyata keçirilib.

Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlamalar zamanı aşkar olunan bəzi nöqsanların ciddiliyi nəzərə alınaraq 5 büdcə təşkilatı üzrə 1676,1 min manat məbləğində artıq və əsassız ödənişlərə dair yoxlama materialları, eləcə də "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üzrə əvvəlki illərdə texnoloji avadanlıqların və damazlıq heyvanların alınması üçün köçürülmüş 11259,4 min manat məbləğində vəsaitin müqabilində malları təhvil verməyən və ya vəsaiti geri qaytarmayan şirkətlər barədə materiallar hüquqi qiymət verilməsi üçün müvafiq hüquq mühafizə orqanlarına göndərilib.

Aidiyyəti hüquq mühafizə orqanlarının müraciətlərinə və məhkəmə qərarlarına əsasən 13 təşkilatda aparılan yoxlama ilə 3523,2 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar olunaraq (3295,9 min manatı bərpa edilib) yoxlama materialları müvafiq qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə təqdim olunub.

Vətəndaş müraciətlərinə əsasən isə Xidmətin əməkdaşları tərəfindən 20 qurumda zəruri araşdırmalar aparılıb. Cəmi 7,1 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Bunun 3,5 min manatı bərpa edilib. Aparılmış yoxlamaların nəticələri üzrə tərtib edilən sənədlər müvafiq tədbirlər görülməsi üçün prokurorluq orqanlarına göndərilib.

Yoxlamalar zamanı büdcə təşkilatlarında nöqsanlara yol verən vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 73 nəfər vəzifəli şəxsə 66,2 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aşkar edilən 43,0 min manat məbləğində artıq və əsassız ödənişlərlə əlaqədar (32,7 min manatı bərpa edilib) 3 qurum üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər vəzifəli şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.

BAKU.WS